08.09.2024, 07:58
AZ EN
19.06.2024, 16:29 136

Azərbaycan Pekin Beynəlxalq Kitab Sərgisində ilk dəfə milli stendlə təmsil olunur

XƏBƏRLƏR
  • Dünyanın bir çox ölkəsindən kitab sənayesi nümayəndələrinin qatıldığı 30-cu Pekin Beynəlxalq Kitab Sərgisi iyunun 19-da işə başlayıb.

Sərgidə ölkəmiz Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı və Çin Xalq Respublikasındakı səfirliyimizin dəstəyi ilə bu il ilk dəfə Pekin Beynəlxalq Kitab Sərgisində milli stendlə təmsil olunur.

Stenddə ölkəmizə dair yeni çap olunan, ümumilikdə, 133 adda 309 nüsxə nəşr nümayiş etdirilir.

Qeyd edək ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə bu il dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin (1494–1556) anadan olmasının 530 illiyi qeyd edilir. Mədəniyyət Nazirliyi tərəfindən yubileylə əlaqədar silsilə layihə və tədbirlər təşkil olunur. Sərgidəki stendimizdə Məhəmməd Füzulinin həyat və yaradıcılığına dair nəşrlər də yer alıb. Burada Azərbaycan nümayəndə heyəti tərəfindən ölkəmizin tarixi, mədəniyyəti, kitab sənəti, o cümlədən Şuşa şəhərinin 2024-cü ildə "İslam dünyasının mədəniyyət paytaxtı" missiyasını yerinə yetirməsi barədə sərgi iştirakçılarına və ziyarətçilərə ətraflı məlumat verilir.

Sərgi çərçivəsində Azərbaycanın bir sıra yerli naşirlərinin iştirakı ilə milli stenddə Çin tərəfi ilə əməkdaşlıq görüşləri keçirilir.

Sərginin açılış mərasimindən sonra Azərbaycan nümayəndə heyəti Pekin Milli Kitabxanasında olub, kitabxana ilə əməkdaşlıq imkanları müzakirə edilib.

Səudiyyə Ərəbistanının fəxri qonaq ölkə olduğu Pekin Beynəlxalq Kitab Sərgisi iyunun 23-dək davam edəcək. (AZƏRTAC)

Oxşar xəbərlər