1988-ci ildə Beynəlxalq Səmərqənd Festivalının birinci mükafatını qazanıb. Elə həmin ildən başlayaraq muğam sənətimizi dünyada təmsil etməyə başlayıb. İstedadlı xanəndənin yaradıcı bioqrafiyası Amerika, Fransa, Almaniya, İsveçrə, Şotlandiya, İran və s. ölkələrdə qatıldığı festivallar, verdiyi konsertlərlə zəngindir.
A.Qasımov 1999-cu il noyabrın 19-da Almaniyanin Axen şəhərində YUNESKO-nun Beynəlxalq Musiqi Mükafatı ilə təltif edilib. Həmin ildə həmçinin Avropada çox məşhur olan “Dərin Okean məhəbbəti” diskinin və A.Qasımov haqqında YUNESKO-nun çəkdiyi sənədli filmin təqdimatı keçirilib.
1993-cü ildə xanəndə “Xalq artisti” fəxri adına layiq görülüb. Həmin il Parisdə, 1994-cü ildə Hyustonda A.Qasımov musiqi medalıyla təltif edilib. 1989-2001-ci illər ərzində Avropada A.Qasımovun 10-dan artıq diski buraxılıb. 2001-ci ildə Beynəlxalq Səmərqənd Festivalının birinci mükafatını alıb. Ağa Xan Fondu ilə əməkdaşlıq çərçivəsində A.Qasımovla bağlı daha bir sənədli filmin və yeni diskin Amerikada təqdimatı keçirilib. Hazırda məşhur violonçelist Yoyomanın təşkil etdiyi və dünyanın ən məşhur konsert salonlarını dolaşan “Böyük İpək Yolu“ layihəsinin iştirakçısı və dünya musiqiçilərindən yığılmış “İpək Yolu Ansamblının üzvüdür.
1989-cu ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistidir. Opera səhnəsində “Məcnun”, “Aşıq Qərib” kimi rolları ifa edib. Heydər Əliyev Sarayında və M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında onlarla konsert verib.
A.Zeynallı adına Bakı Musiqi Məktəbinin müəllimi və dosentidir.
Alim Qasımov 2008-ci ildə “Şöhrət” ordeninə, 2009-cu ildə Professor adına, 2010-cu ildə isə Azərbaycan Dövlət Mükafatına layiq görülüb. Bu mükafatı xanəndəyə ölkə başçısı Prezident cənab İlham Əliyev şəxsən özü təqdim edib.
Muğam sənətinin sirlərini ustad xanəndə Hacıbaba Bağırovdan öyrənən və böyük sənətdə öz dəsti-xətti olan sənətkar illərdi ki, qızı Əməkdar artist Fərqanə Qasımova ilə birgə çıxış edir.
Mina RƏŞİD