22.11.2024, 21:16
AZ EN
08.08.2023, 14:11 304

Ona Nəsimi deyirdilər

XƏBƏRLƏR
  • Bu gün Xalq artisti, Dövlət mükafatı laureatı, “Şöhrət”, “Şərəf” və “İstiqlal” ordenli sevimli aktyorumuz Rasim Balayevin doğum günüdür. Milli kinomuzun inkişafında böyük xidmətləri olan bənzərsiz aktyorun 75 yaşı tamam olur. Böyük tamaşaçı ordusunun “Nəsimi”, “Babək”, “Beyrək” kimi sevdiyi istedadlı aktyor Rasim Balayev 1948-ci il avqustun 8-də Ağsu rayonunda anadan olub. 1969-cu ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirib.

Aktyor ilk dəfə Bakı kinostudiyasında “Ulduzlar sönmür” əsərində kiçik bir rolda çəkilib. Oynadığı “Nəsimi”, “Babək” və “Dədə Qorqud” filmlərindəki unudulmaz rollarda əsl tamaşaçı sevgisini qazanıb. “Azərbaycanfilm” kinostudiyasının nəzdində fəaliyyət göstərən kinoaktyor teatr studiyasında çalışıb.

1990-cı ildən 2013-cü ilə qədər Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi, 2022-ci il mayın 31-dən isə həmin qrumun sədri kimi fəaliyyətə başlayıb.

Rasim Balayevin kino sənətinə həsr etdiyi mənalı yaradıcılıq yolu neçə-neçə gənc aktyor nəsli üçün də əsl sənət məktəbidir. O, “Ən yaxşı kişi rolu”na görə nominasiyanı 1974-cü ildə 25 yaşında Nəsimi roluna görə qazanıb. Ona Nəsimi deyirdilər. 31 yaşında Babək rolunu oynayan aktyor 34 yaşında Xalq artisi adına layiq görülüb.

Görkəmli sənətkar Almaniyada, Türkiyədə, İranda, Tacikistanda, Osetiyada, çeçenlərin ilk kinosunda, Özbəkistanda, Moskvada, Gürcüstanda ekranlaşdırılan 70 filmdə sanballı rolları ifa edib. O, yalnız müsbət qəhrəman kimi sevilməyib, həm də cəmiyyətdəki mənfi tipləri tamaşaçının gözü qarşısında bütün çılpaqlığı ilə canlandırıb.

R.Balayev böyüklü-kiçikli bütün rollarını can yanğısı ilə oynayıb. “Nəsimi”nin dərisi soyulanda o əzabı tamaşaçıya çatdırmaq üçün ovcunun içində saxladığı mismarı var gücü ilə sıxaraq əlini yaralayıb.  “Qatır Məmməd” filmindəki Göyüş rolunda isə o vurularkən çəmənliyə yıxılanda təsadüfən otların arasındakı sərt daş onu incidib.

Rasim Balayev onlarla əcnəbi filmin dublyajında da müxtəlif xarakterli obrazları səsləndirib. Aktyor həmin ekran əsərlərində səsin psixoloji çalarlarını xarakter səviyyəsində səsləndirməkdə də çox ustadır. Bunun üçün “Həmişə təmizlikdə” filmində Andrey Myakkovun heyrətamiz sənətkarlıqla ifa etdiyi Jenya obrazını Azərbaycanca səsləndirməsini xatırlamaq kifayətdir.

Böyük sənətkarı 75 illiyi münasibətilə təbrik edir, ona cansağlığı və yeni uğurlar arzulayırıq.

Mina RƏŞİD

Oxşar xəbərlər