1995-ci ildə ali təhsil almaq üçün Azərbaycan Dövlət Konservatoriyasına daxil olub və Xalq artisti professor Arif Babayevdən dərs alıb. Elə həmin ildən də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistidir. Onun ilk rolu "Leyli və Məcnun" operasında Leyli olub. "Aşıq Qərib" operasında Şahsənəm, "Gəlin Qayası"nda Gülbahar, "Natavan", "Vaqif" və "Koroğlu"da Xanəndə qız rolları ilə çıxış edib.
Opera solisti kimi fəaliyyət göstərməklə yanaşı, Nəzakət Teymurova həm də muğam, xalq və bəstəkar mahnılarını da yüksək professionallıqla ifa edir. Dövlət səviyyəli tədbirlərdə, yubileylərdə tez-tez çıxış edir. Sənətçi Almaniya, ABŞ, Koreya, Yaponiya, Macarıstan, Fransa, Türkiyə, İran, İsveçrədə konsert proqramları ilə çıxış edərək milli muğam sənətimizi ləyaqətlə təmsil edib. Hazırda Opera və Balet Teatrının solistidir, Milli Konservatoriyada və Musiqi Kollecində muğam dərsi deyir.
2000-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti, 2005-ci ildə isə Xalq artisti fəxri adlarına layiq görülüb. 2011-ci ilin avqust ayında Özbəkistanın Səmərqənd şəhərində keçirilən "Şərq təranələri" VIII Beynəlxalq musiqi festivalında YUNESKO-nun "Ən gözəl səs" adlı xüsusi mükafatını alıb. 2012-ci ilin fevral ayında Nəzakət Teymurovanın Azərbaycan musiqisi toplusundan ibarət yeni diski İtaliyada işıq üzü görüb. 2012-ci, 2014-cü, 2015-ci və 2016-cı illərdə Prezident mükafatına layiq görülüb.
Hazırladı: Mina RƏŞİD