15.05.2024, 18:58
AZ EN
16.04.2023, 09:41 139

Ermənistanın Azərbaycana qarşı dövlət səviyyəsində yürüdülən nifrət siyasəti sərt şəkildə qınanmalıdır

XƏBƏRLƏR

Azərbaycan tarix boyunca fərqli etnik qruplara, müxtəlif dinlərin nümayəndələrinə və çeşidli mədəni irslərə ev sahibliyi edib. Dünyanın köklü mədəniyyət mərkəzlərindən biri olan ölkəmiz bu gün də bir çox fərqli dilə, dinə, etnik qrupa məxsus insanların bir arada yaşadığı ölkədir. Azərbaycanda sivilizasiyalararası dialoq, dini tolerantlığın qorunması dövlət siyasətinin başlıca istiqamətlərindən birini təşkil edir. Dövlətin fərqli mədəni irslərə qarşı münasibəti zəngin milli-tarixi ənənəyə əsaslanır. Azərbaycanda insanların hansı irqə, dinə, dilə məxsus olmasının imtiyazlı olmaq baxımından heç bir anlamı yoxdur. Hər bir etnik qrupdan və inancdan olan insanlara beynəlxalq hüquq və normalar çərçivəsində haqlar və imkanlar təmin edilir. Azərbaycan sadəcə öz vətəndaşları arasında deyil, beynəlxalq məsələlərdə, tədbirlərdə və yarışlarda müxtəlif millət və dinlərin təmsilçilərinə qarşı da məsuliyyətli yanaşır, hər cür ayrı-seçkilikdən uzaq durur.

Bu sözləri “Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin (TUMİB) sədri Tural Əfəndiyev deyib.

Bildirib ki, beynəlxalq hüquqi normalara əməl etməyən Ermənistan isə 30 il Azərbaycan torpaqlarını işğal altında saxlayıb. Bu müddət ərzində işğal olunan ərazilərdəki Azərbaycan xalqına məxsus tarixi-dini abidələr yerlə-yeksan edilib. Mədəniyyət abidələrimizə qarşı törədilən vandal əməllərlə Ermənistan bizə məxsus olan torpaqlardakı keçmişimizi silmək, saxta bir tarix yaratmaq məqsədi güdüb. 44 günlük Vətən müharibəsində torpaqlarımızı işğaldan azad etdik və Ermənistana məqsədlərinə çatmağa imkan vermədik. Ancaq Ermənistan indi də fərqli platformalarda təcavüzkar əməllərini gerçəkləşdirməyə çalışır.

“Ermənistanda keçirilən ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində erməni rasizmi və ksenofobiyası öz çirkin üzünü yenidən ortaya qoydu. Mərasimdə Azərbaycan bayrağının yandırılması erməni barbarlığının heç bir beynəlxalq hüququ, qayda və prinsipləri tanımadığını göstərdi. Ermənistanda Azərbaycana qarşı nifrət siyasəti dövlət səviyyəsində bu gün də davam edir. Azərbaycan bayrağını yandıran şəxsin heç bir cəza almaması və sərbəst buraxılması öz cəmiyyətinə Azərbaycana qarşı nifrət hissi aşılayan Ermənistanın məsələyə baxışını bariz şəkildə göstərməkdədir.

Avropa çempionatının açılış mərasimində ev sahibi ölkənin iştirakçı dövlətin bayrağına qarşı hörmətsizliyi Azərbaycanlı idmançıların da təhlükəsizliyinin sual altında olduğunu göstərdi. Buna cavab olaraq isə millimizin İrəvandan Azərbaycana qayıtması barədə qərar verilib. Mövcud vəziyyət təxribatçı əməllərindən əl çəkməyən Ermənistanın bu cür yarış və tədbirlərə ev sahibliyi etmək prinsiplərindən nə qədər uzaq olduğunu göstərir.

Azərbaycan xalqının beynəlxalq normalara bağlılığı və tolerant davranmasının ən gözəl örnəklərindən biri “Bakı-2015” I Avropa Oyunlarında yaşanmışdı. Bakıda keçirilən yarışda gümüş medal qazanan erməni idmançı Prezident İlham Əliyev tərəfindən mükafatlandırılmışdı. Bu zaman Ermənistanın Azərbaycana qarşı yürütdüyü işğalçı siyasət səbəbi ilə bir neçə nəfər fit çalaraq erməni idmançını protesto etmək istəmişdi. Ancaq Prezident İlham Əliyev ölkəmizdə qonaq olan idmançıya qarşı bu hərəkətə icazə verməyərək işarə edib onları bunu dayandırmağa çağırmışdı. Prezident İlham Əliyevin bu hərəkəti Azərbaycanın tarix boyunca başqa xalqlara qarşı necə davrandığını göstərən örnəklərdən biri idi.

Ermənistan hər zaman milli və dini ayrı-seçkiliyin olduğu bir ölkə olub. Dini şovinist məqsədləri üçün istifadə edən Ermənistan uzun illər Qarabağ məsələsini də dünya ictimaiyyətinə islam və xristianlıq arasında din savaşı olaraq təqdim etməkdən çəkinməyib. Ermənistanın dünya ictimaiyyəti ilə sağlam əlaqələr qurması üçün öncə milli və dini ayrı-seçkilikdən uzaq bir mövqe seçməsi və bütün millətlərin və dini qrupların hüquqlarına sayğı ilə yanaşması vacibdir.

Bənzər halların təkrarlanmaması və Ermənistanı bu cür davranışlardan çəkindirmək üçün Avropa və dünyanın nüfuzlu idman təşkilatları məsələyə biganə qalmamalıdır. Ermənistanda dövlət səviyyəsində yürüdülən nifrət siyasəti və Azərbaycana qarşı təxribatçı əməllər mütləq sərt şəkildə qınanmalıdır. Ermənistanın beynəlxalq tədbirlərə ev sahibliyi etməkdən məhrum buraxılması son dövrlərdə yüksələn erməni şovinizminə, yalanlarla dolu siyasi ritorikaya qarşı ən adekvat cavab olacaq”, - deyə TUMİB sədri bildirib. (AZƏRTAC)

Oxşar xəbərlər