44 günlük Vətən müharibəsi Azərbaycan tarixində son əsrlərin ən böyük qələbəsidir. Bu qələbə həm də xalqımızın birliyinin təcəssümüdür. Bu birlik uzun illərin həsrətinə də son qoydu. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi və qətiyyəti ilə düşmən darmadağın edildi, Şanlı Ordumuz qarşısında diz çökdü. Bu möhtəşəm qələbədə igid döyüşçü Elxan Əlvan oğlu Cəfərov da öz sözünü dedi. Elxan 11 yanvar 1998-ci ildə Ağdam rayonunun Xındırıstan kəndində anadan olmuşdur. Elə orta təhsilini də Xındırıstan kənd tam orta məktəbində almışdır. O, məktəbi bitirdikdən sonra həqiqi hərbi xidmətə çağırılmış, Quru Qoşunlarında xidmət etmişdir. Tərxis olunandan sonra da hər bir Azərbaycan gənci kimi onun da arzusu düşməndən qisas almaq idi. Elə buna görə də 27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsində iştirak etdi. E. Cəfərov Şuşa, Füzuli, Cəbrayıl və Xocavənd istiqamətində öz şücaətini göstərdi. 4 noyabr 2020-ci ildə Şuşa rayonunun Daşaltı ərazisində yaralanmışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə Elxan Əlvan oğlu Cəfərova "Füzulinin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", "Şuşanın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Cəsur döyüşçü" medalları verilmişdir. Ailəlidir, III dərəcəli əlildir.
İsa MUSAYEV