19.12.2024, 00:23
AZ EN
16.03.2023, 00:15 221

Laçın-Xankəndi yolu: Ötən gün 111 avtomobilin sərbəst hərəkəti təmin edilib

XƏBƏRLƏR

Rusiya sülhməramlılarına, həmçinin Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) məxsus avtomobillər Laçın-Xankəndi yolunda dinc aksiyanın təşkil edildiyi ərazidən maneəsiz keçərək hərəkət edir.

Martın 15-də Xankəndidən Laçına və əks istiqamətdə Rusiya sülhməramlılarına məxsus 90 təminat-təchizat və minik avtomobili maneəsiz keçib. Bundan əlavə, BQXK-yə məxsus 8 minik avtomobili səhər saatlarında Xankəndidən Laçın istiqamətinə gedib. Günorta saatlarında isə 8 minik və 5 yük avtomobili Xankəndiyə qayıdıb. Beləliklə, ötən gün aksiya ərazisindən 111 avtomobilin sərbəst hərəkəti təmin edilib.

Bu, bir daha onu göstərir ki, aksiya iştirakçıları humanitar məqsədlərlə istifadə olunan avtomobillərin hərəkətinə heç bir maneə törətmirlər.

Ermənistan mətbuatında yayılan və etirazçıların guya Xankəndi-Laçın yolunu bağladıqları və təminat avtomobillərini buraxmadıqları ilə bağlı xəbərlər qarşı tərəfin növbəti dezinformasiyasıdır.

Xatırladaq ki, ötən il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq Azərbaycanın İqtisadiyyat, Ekologiya və Təbii Sərvətlər nazirlikləri, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb. Buna etiraz olaraq, azərbaycanlı ekofəallar Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda dekabrın 12-dən dinc aksiyaya başlayıblar.("AZERTAC")

Oxşar xəbərlər