20.10.2024, 01:23
AZ EN
31.05.2024, 14:36 306

Botanika İnstitutunun əməkdaşları Qarabağın aran ərazilərində tədqiqat aparıblar

XƏBƏRLƏR
  • Elm və Təhsil Nazirliyinin Botanika İnstitutunun Etnobotanika şöbəsinin əməkdaşlarının iştirakı ilə Qarabağın aran ərazilərindən olan Bərdə və Ağcabədi rayonlarına ekspedisiya təşkil edilib.

İnstitutdan bildirilib ki, ekspedisiyanın məqsədi həmin rayonlarda flora müxtəlifliyinin tədqiqi, bitki örtüyünün araşdırılması, fitosenoloji təsvirin verilməsi və perspektivli növlərin resurs potensialının qiymətləndirilməsi, o cümlədən yerli əhali arasında etnobotaniki sorğuların keçirilməsi olub.

Ekspedisiya müddətində tədqiqatların aparılması üçün qarşıya qoyulmuş əsas vəzifələr öncədən seçilmiş marşrut üzrə floristik təhlilin aparılması, mövsümi vegetativ və generativ inkişaf mərhələsində olan növlərin senoloji qiymətləndirilməsi, otlaqların yem bitki bazasına daxil olan növlərinin seçilməsi, etnobotaniki sorğular əsasında əraziyə məxsus faydalı bitkilərin istifadə üsullarının və istiqamətlərinin, həmçinin yerli adlarının müəyyənləşdirilməsi həyata keçirilib.

Tədqiqat ərazisi üçün əsasən boz və boz-çəmən torpaqları xarakterikdir. Təbii bitki örtüyü quru bozqır və yarımsəhra tiplidir. Kür çayı sahilində arid seyrək meşəyə də rast gəlinir. Ərazidə ekspedisiya zamanı rast gəlinən senozların tərkibinin ümumi layihə örtüyü 60-80 faiz təşkil edir. Bu da iqlimin mülayim olması, əvvəlki illərlə müqayisədə yağışlı günlərin davam etməsi ilə izah olunur. Ərazidə heyvanların otarıldığı əsas otlaqların yovşanlı-efemerlik, yovşanlı-şoranlıq, yağtikanlı-biyanlıq olduğu müəyyən edilib.

Ekspedisiya zamanı növlərin fotoşəkilləri çəkilib, ehtiyatın hesablanması üçün seçilmiş nümunə meydançalarında bitkilər çıxarılaraq yaş çəki hesabı ilə yerindəcə qeydlər aparılıb, həmçinin GPS məlumatlar toplanıb. (AZƏRTAC)

Oxşar xəbərlər