"Vətən səsi" xəbər verir ki, tədbirin əvvəlində Ümumilli lider Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, daha sonra mövzu ətrafında çıxışlar dinlənilib.
Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə bağlı tədbirlər planından irəli gələn məsələlərin həlli məqsədilə görülən işlərdən danışıb, qarşıya qoyulan vəzifələrin icrası ilə bağlı konkret tapşırıqlar verib. Ölkəmizdə yeni texnologiyaların və rəqəmsallaşdırmanın tətbiqinin sürətlənməsindən danışan icra başçısı deyib ki, tullantılardan səmərəli istifadə və təkrar emal proseslərinin genişləndirilməsi, biomüxtəlifliyin qorunması, çirkab sularının idarə olunması, eləcə də yaşıl enerji mənbələrindən,bərpa olunan enerji resurslarından istifadə dövrün əsas tələblərindəndir. Onun sözlərinə görə, qlobal bəşəri məsələlərə daim önəm verən müstəqil Azərbaycan bu istiqamətdə fəaliyyətini genişləndirərək ekoloji məsuliyyətin artırılması naminə vacib addımlar atıb.
Rayon rəhbəri vurğulayıb ki, Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı (COP) hər il keçirilir və sədrlik BMT-nin beş regionu arasında rotasiya olunur. Azərbaycan Tərəflər Konfransının bu ilin noyabrında Bakıda keçiriləcək 29-cu sessiyasına (COP29) sədrlik edəcək. Azərbaycan beynəlxalq tədbirlərə ev sahibliyi etmək sahəsində zəngin təcrübəyə malikdir. Tədbirin keçiriləcəyi məkan olaraq Bakı Stadionu seçilib.
Prosesi şəffaf, qərəzsiz və inklüziv şəkildə həyata keçirmək məqsədilə COP29 Sədrliyi ambisiyaların artırılması və fəaliyyətə təkan vermək üçün bir-birini qarşılıqlı şəkildə dəstəkləyən iki istiqamətə əsaslanan plan hazırlayıb. Azərbaycan Tərəflər Konfransının bu ilin noyabrında Bakıda keçiriləcək 29-cu sessiyası öləmizin dünyada artan nüfuzundan, ölkəmizə olunan inam və etimaddan, eləcədə Azərbaycanın sürətli inkişafından və beynəlxalq aləmdə tutduğu aparıcı roldan xəbər verir.
Elxan SALAHOV