24.04.2025, 09:21
AZ EN
07.03.2023, 10:33 213

Bayrağa bükülərək Qələbə xəbərini mənə gətirən oğlum qürurumdur

XƏBƏRLƏR
  • Vətən, qəlbi yanan ananın dinmək bilməyən acısı, bu acıya rəğmən qürur mənbəyidir. Vətən, danışmaqdır. Döyüşməkdir. Vətən, ərşə ucalan səsdir. Vətən, ana ətridir, ruhun qidasıdır. Vətən Ən Sevgilidir..!

Məhz elə ona görə də ölüm belə acizdir Vətən qarşısında... Çünki Vətən üçün ölmürlər, əbədi yaşayırlar....

Murazın da adı əbədi yaşayanlar sırasındadır. Bunu anası da yaxşı anlayır...

2000-ci il martın 7-də Daşkəsən rayonunun Zığalı kəndində anadan olan 18 yaşlı Cabbarov Muraz İlham oğlu Xüsusi Təyinatlı Qüvvələrin əsgəri olub. Qısa zamanda döyüş sirlərinə yiyələnən və bir çox silahlardan istifadə etməyi bacaran gənc əsgərin xidməti dövründə Vətən müharibəsi başlayıb. O, Füzuli istiqamətində gedən döyüşlərdə xüsusi qəhrəmanlıqla vuruşub. 2020-ci il oktyabrın 10-da şəhadətə ucalıb.

Qəhrəmanımızın anası Zeynəb Cabbarova 18 yaşlı oğlunu itirməsindən acı duysa da, Vətən naminə şəhadətə ucalmasıyla qürurlandığını dilə gətirərək deyib ki,

övladımla fəxr edirəm. O, şəhid olaraq mənim də başıma uca elədi. Hərbi xidmətə gedən zaman tamam başqa yerə düşmüşdü. Lakin öz istəyilə Xüsusi Təyinatlı Qüvvələrin əsgəri olmaq istəyir və ora gedir. "Rahat yerini niyə dəyişdin" soruşanda deyirdi ki, "ana, bura daha yaxşıdır, çünki burda daha rahatam",-deyirdi.

Zeynəb Cabbarova sonra əlavə edib ki, həmişə əsgər yoldaşlarından, komandirlərindən razı olub. Sonuncu dəfə müharibədən öncə görüşmüşdüm. Dedi, narahat olma, az qalıb, qayıdacağam yanına, darıxma. Ondan sonra müharibə başlayanda bir dəfə zəng etdi, lakin döyüşə getdiyini bildirmədi. Dedi özündən, qardaşlarımdan müğayat ol, mənə görə də narahat olma, başqa yerdəyəm, müharibə olan ərazidən kənardayam. Mən narahat olmayım deyə, döyüş zonasınra olduğunu gizləyirmiş.

“Sonra günlərlə əlaqə kəsildi, onda narahat olmağa başladım. Harada olduğunu bilmirdik. Xəstəxanaları axtardıq, tapmadıq. Özümə təsəlli verib deyirdim, yəqin, elə yerdədir ki, bizimlə əlaqə saxlaya bilmir. Sonra bir də baxdım ki, balamın nəşini gətiriblər. Əslində bir ana kimi balama nəsə olduğunu hiss etmişdim. Amma istəmirdim övladımı itirdiyimi ağlıma belə gətirim. Yuxularıma girirdi. Onun haradasa rahat yatdığını hiss edirdim. Yoldaşıma dedim ki, xəstəxanaları axtaraq, bəlkə, oğlumuz komaya düşüb ona görə əlaqə saxlaya bilmir bizimlə. Bəli o, rahat yatırdı, amma şəhid olaraq. Elə həmin gün hiss etmişdim. Arzum idi ki, o qələbə ilə əlində bayraq evimizə qayıtsın, düşmən tapdağından azad olunan torpaqlarımızda özü sevinərək gəzsin. Desin ki, buranı alanlardan biri də mən olmuşam. Lakin bu qisməti olmadı, qələbə sorağı ilə bayrağa sarılmış tabutda Qələbə xəbərini mənə gətirdi”,- deyə Zeynəb Cabbarova gözyaşları içində bildirib.

Muraz Cabbarov ölümündən sonra “Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Cəsur döyşçü” medaları ilə təltif edilib.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər