Qərbi Azərbaycanın Vedi mahalının Qarabağlar kəndindən deportasiya edilən Bahar Əhmədovanın bu gün 95 yaşı olsa da, o dəhşətli anları unutmayıb.
Beş uşaqlı ailənin böyük övladı Bahar Əhmədova kimi onda çoxları bilmirdi ki, ac-susuz, vaqonlarda donaraq güclə aparıldıqları naməlum istiqamət onları Vedidən, doğma Qarabağlardan uzaqlaşdırır.
Bu gün Bahar nənə 1948-1949-cu illərdə Qərbi azərbaycanlıların qədim ata-baba yurdundan sürgün olunduqlarını belə xatırlayır. Deyir ki, 1949-cu ilin noyabr-dekabr aylarında ermənilər vəhşi kimi bizi vaqonlara yığdılar. Heç nə götürə bilmədik. Ancaq əynimizdəki paltarla gəldik. Bütün mal-mülkümüz düşmənə qaldı.
Bahar nənə hələ uşaqlıqdan eşitdiklərini də, unutmayıb. Deyir ki, ermənilər əzəldən bizə düşmən olublar. Onlar dəfələrlə bizi öz yurdumuzdan ayırıblar. Nənə-babalarımız da, onların başımıza açdığı müsibətlərdən danışardılar...
Bahar nənənin ailəsi elə o vaxtdan da Biləsuvarın Bağbanlar kəndinə sığınıb: “1969-cu ildə Heydər Əliyev hakimiyyətə gəldi. Ondan sonra bizə ev, torpaq verdilər”.
Qarabağlarda bizim hər bir şəraitimiz var idi. Novruz, Qurban, Ramazan bayramını keçirirdik. Ölürəm o bulaqlardan ötrü, Vətən yaddan çıxmır, deyir, Bahar nənə...
Bahar nənənin bacısı oğlu Ələsgər Əhmədov da, doğma torpaqlardan danışır. Deyir ki, o yerlər çox gözəldi. Ona görə də, həmişə ora getməyə can atırdım. Nəhayət 1988-ci ildə doğma torpaqlarımızı, Vedini gedib gördüm. Burada qoz ağacını, o sal daşları gördüm. Nifrət elədim o düşmənə ki, bizi öz gözəl, doğma yurdumuzdan illərdi ki, belə didərgin salıb.
Hazırladı: Mina RƏŞİD