22.11.2024, 23:18
AZ EN
27.02.2023, 10:28 322

Mövlud Çavuşoğlu Azərbaycan könüllüləri ilə görüşüb

XƏBƏRLƏR
  • Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Kahramanmaraşda zəlzələdən zərərçəkənlər üçün salınmış çadır şəhərciyində könüllü kimi çalışan Azərbaycan gənclərinin bir qrupu ilə görüşüb.

Azərbaycan Gənclər Fondundan verilən məlumata görə, M.Çavuşoğlu öz sosial şəbəkə hesabında Azərbaycan könüllüləri ilə arasında baş tutan görüşü əks etdirən paylaşım da edib. Sözügedən paylaşımda Türkiyə XİN başçısı Azərbaycanda hər kəsin Türkiyəyə yardım etmək istəməsi haqqında məlumatlı oluduğunu qeyd edib, buna görə də minnətdar olduğunu könüllülərin diqqətinə çatdırıb. Mövlud Çavuşoğlu ziyarətinin sonunda Azərbaycan könüllülərinin bir qrupu ilə xatirə şəkli çəkdirib.

Məlumat üçün bildirək ki, artıq 2 həftədən çoxdur fəlakətdən zərər görmüş Kahramanmaraş, Hatay, Adıyaman və Malatya bölgələrdəki çadır şəhərciklərində könüllü kimi çalışan azərbaycanlı gənclər minlərlə zərərçəkmiş şəxsə xidmət edir, eləcə də zəlzələ bölgələrindəki müxtəlif məntəqələrdə qida, geyim, dərman və müxtəlif yardımların boşaldılması, çeşidlənməsi, paylanmasını həyata keçirir, yerli əhaliyə səyyar şəkildə su və isti içkilər paylayır, müxtəlif ərazilərdə yerləşən onlarla məhəlləyə zəruri yardımları çatdırır və digər dəstək verici xidmətləri göstərirlər. Həmçinin könüllü gənclərimiz ucqar kəndlərə səfər edərək humanitar fəaliyyətlərin həyata keçirilməsində fəal şəkildə iştirak edirlər.

Eyni zamanda, Azərbaycan könüllüləri zəlzələdən zərərçəkmiş uşaqların reabilitasiyası və asudə vaxtının səmərəli təşkili məqsədilə xüsusi çadırlar quraşdırır, habelə təbii fəlakət zamanı uşaqların keçirdiyi sarsıntıları, yaşadıqları travmaları minimuma endirmək üçün yüzlərlə uşağa qayğı və psixoloji dəstək xidməti göstərirlər. Bununla yanaşı, tibb təhsilli könüllülərimiz yerli əhaliyə ilkin tibbi yardım göstərdikdən sonra peşəkar həkimlərə yönəldir, eləcə də səyyar apteklərdə zərərçəkənlərə xidmət edirlər. (Trend)

Oxşar xəbərlər