20.04.2024, 15:13
AZ EN
24.02.2023, 09:35 188

Canım Vətənə fəda olsun!

XƏBƏRLƏR
  • Rüfət Müdafiə Nazirliyinin hərbi hissəsində istehkamçı bölüyünün əsgəri idi. Qüsursuz xidmətinə görə bir neçə dəfə fəxri-fərmana layiq görülmüşdü. Azərbaycanın 2020-ci il sentyabrın 27-də başladığı Zəfər yürüşündə Rüfət də, bir əsgər kimi döyüşlərə atıldı. Bu gün onun doğum günüdür.

Azərbaycan Ordusunun igid əsgəri, Vətən Müharibəsi şəhidi Şabanov Rüfət Rauf oğlu 2001-ci il fevralın 24-də Abşeron rayonunun Ceyranbatan qəsəbəsində anadan olub. 2007-2018-ci ildə qəsəbə məktəbində orta təhsil alıb. 2019-cu il iyunun 22-də də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Abşeron rayon şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağırılıb.

2020-ci il sentyabrın 27-də başlanan və 44 gün davam edən Vətən Müharibəsində bir əsgər kimi Rüfət də, sinəsini irəli verib. O, Kəlbəcər, Murovdağ uğrunda gedən ağır döyüşlərdə cəsarətlə vuruşub. 2020-ci il oktyabrın 18-də Murovdağ istiqamətindəki döyüşlərin birində düşmənin snayper gülləsinə tuş gələrək şəhadətə ucalıb.

Şəhidimiz böyük izdiham və ehtiramla doğulduğu qəsəbədə torpağa tapşırılıb.

Ölümündən sonra Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə "Vətən uğrunda", “Hərbi xidmətlərə görə” və "Kəlbəcərin azad edilməsinə görə" medalları ilə təltif edilib.

İgid əsgər Rüfət Şabanov Vətən uğrunda şəhadətə ucalanda cəmi 19 yaşı vardı. Anası deyir ki, oğlunun yaşı az olsa da, o çox qorxmaz idi. Müharibəyə də, “Canım Vətənə fəda olsun”, - deyərək, cəsarətlə yollanmışdı.

Şəhidlər ölməz, Vətən bölünməz!

Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, Rüfət balamız!

Mina RƏŞİD   

Oxşar xəbərlər

SON XƏBƏRLƏR