23.12.2024, 08:54
AZ EN
19.02.2023, 17:16 241

Erməni hücumları zamanı əhalinin gizləndiyi Sündü mağaraları

XƏBƏRLƏR
  • Azərbaycanın ən qədim yaşayış məskənlərindən olan, bir vaxtlar əcdadlarımızın yaşadığı mağaralara turistlərin də marağı böyükdür. Qobustan rayonundakı sirli-sehrli tərəfləri ilə daim insanların marağını çəkən mağaralar da belə yerlərdən biridir.

Qobustan rayonun 16 kilometr şimal-qərbində, əkin sahələrindən ibarət münbit yaylaların qoynunda yerləşən Sündü kəndinin qədim tarixi var. Sıldırım yamaclı təpələri, dərin yarğanları, ecazkar təbiəti kəndin yalnız bəzi cizgiləridir. Buradakı mağaralar isə kəndin qədimliyinin də, əzəmətinin də miqyasını böyüdür. Yay aylarında bu mağaralara üz tutaraq ocaq qalayıb süfrə açan, gətirdikləri azuqələrlə bəşər tarixinin ilk dövrlərinə səyahət etməyə çalışanlar az deyil.

Sündü kənd sakini Gülrza Nəhmətov deyir ki, burada ilin bütün fəsillərində, əsasən də yay aylarında turistləri görmək mümkündür. Kəndə gələn qonaqlar daha çox mağaralarla maraqlanırlar: “Bu mağaralardan bizim kəndə üç-dörd yerdə var, ən çox bu ərazidədir. Ona görə də turistlər tez-tez bura gəlirlər. Mağaraların tarixini bilmirik, deyilənə görə, çox qədim vaxtlara gedib çıxır”.

Heyrətamiz qayalar üzərində yerləşən mağaralar iç-içə oyma otaqlardan ibarət qədim yaşayış məskənləri olub, o dövrün insanlarının həyat tərzi, yaşam qanunları, ev mədəniyyəti ilə bağlı müəyyən fikirlər yaradır. Təbiət hadisələri mağaraların bəzilərində aşınmalara səbəb olub. Buna baxmayaraq, mağaralar tarixi əzəmətini qoruyub saxlayıb. Kənd ərazisində bir, iki və üç otaqlı olmaqla əcdadlarımızın qədim yaşayış məskənləri olan 14 belə mağara mövcuddur.

Sündüdə az qala hər daş, hər qarış bir tarixdir. Kənddə Sasani hücumlarının, Xəzər-Hun basqınlarının, ölkədaxili feodal müharibələrinin də izləri görünür. Kənd sakini Cabir Ağaverdiyev ərazidə qala olması ehtimalından danışır: “Sündü kəndi nəinki Qobustan rayonunun, eyni zamanda, Azərbaycanın ən qədim kəndlərindən biridir. Bunu kəndin ərazisində olan tarixi abidələr, maddi-mədəniyyət nümunələri, 32 qəbiristanlığın, 14 kurqanın olması, X əsrə aid məscid və hazırda qarşısında durduğumuz bu mağaralar sübut edir. Deyilənə görə, burada qala da olub. Tarixçilər gəlib araşdırıblar, amma əhatəli tədqiqat aparılmayıb. Bəzi məlumatlara görə, o qaladan bu mağaralara gizli yol da olub. Yəni, ehtiyac yarananda əhali həmin o keçidlərdən istifadə edərək qalaya ərzaq və içməli su ehtiyatlarının daşınmasında istifadə edib”.

Buradakı mağaralardan yerli sakinlər 1918-ci ilin aprel qırğınları zamanı sığınacaq kimi istifadə ediblər. Erməni-daşnak qüvvələri kənddəki 433 evdən 198-ni yandırıb, canını qurtarmağa fürsət tapmayan 295 nəfəri qətlə yetiriblər. Əlacsız qalan kəndin əli silah tutan sakinləri uşaqları, qadınları, qocaları mağaralara yerləşdirməklə yurdlarının müdafiəsinə və mübarizəsinə qatılıblar. Bir sözlə, bu mağaralar ermənilərin 1918-ci ildəki hücumları zamanı kənd sakinlərinin köməyinə çatıb.

Tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli hesab edir ki, belə mağaralarda elmi araşdırmaların, arxeoloji tədqiqatların aparılmasına ehtiyacı var: “İstər Nərimankənd mağaraları olsun, istər Diribaba türbəsinin ətrafındakı mağaralar, istərsə də Sündü mağaraları – bunlar arxeoloji baxımdan tam öyrənilməyib. Böyük ekspedisiya burada işləməyib. Amma müxtəlif vaxtlarda bəzi baxışlar olub. Hələ 1920-1930-cu illərin hesabatlarında bu barədə məlumatlar yer alıb. Ona görə də, burada ətraflı tədqiqat aparılmasına ehtiyac var. Qobustanın bir çox kəndlərinin ətrafında belə mağaralara rast gəlmək olur, amma əsasən Nərmankənd, Diri Baba və Sündü mağaraları diqqətçəkən mağaralar hesab edilir”.

Tarixçinin dediklərindən bu nəticəyə gəlmək olur ki, qədim yaşayış məskənləri olan, ehtiyac yarandıqda insanların müdafiə qalasına, gizli yuvasına çevrilən bu mağaralar turizm marşrutlarına da salınmalıdır. Mağaraların yerləşdiyi ərazini nəzərə alsaq, bu, həm də turistlər tərəfindən maraqla qarşılanacaq yeni marşrut ola bilər. (AZƏRTAC)

Oxşar xəbərlər