20.09.2024, 13:51
AZ EN
18.02.2023, 09:07 204

Doğum günün mübarək, qəhrəman əsgər!

XƏBƏRLƏR
  • İkinci Qarabağ müharibəsində qanı ilə tarix yazan şəhidlərimizdən biri də, Süleymanov Asim Məhərrəm oğludur. O, 2001-ci il fevralın 18-də Gəncə şəhərində anadan olub. 2018-ci ildə Gəncə şəhər 21 nömrəli tam orta məktəbi bitirib və Gəncə Dövlət Regional Kollecində “Vaqon və refrijerator təsərrüfatı” ixtisasına daxil olub. 2019-cu ildə həqiqi hərbi xidmətə çağrılıb. O, təhsilini yarımçıq qoyaraq, hərbi xidmətə yollanıb və N saylı hərbi hissədə Vətənə xidmət etməyə başlayıb.

Azərbaycan Ordusunun əsgəri Asim Süleymanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi və  ərazi bütövlüyümüzün bərpa olunması üçün başlanan Vətən Müharibəsində iştirak edib. Suqovuşanın, Cəbrayılın və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə vuruşub. İgid əsgər Asim Süleymanov 2020-ci il noyabrın 4-dəXocavənd rayonu istiqamətində döyüşlərdə qəhrəmanlıqla şəhid olub. Onun cəsədi bir gün neytral zonada qaldıqdan sonra tapılaraq 2020-ci il noyabrın 5-də böyük bir el məhəbbəti ilə Gəncə Şəhidlər Xiyabanında torpağa tapşırılıb.

Ölümündən sonra Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamlarına əsasən “Vətən uğrunda” və “Xocavəndin azad olunması uğrunda” medalları ilə təltif edilib.

Şəhidimizin anası Rahilə Məmmədova deyir ki, Asim uşaqlıqdan çox qoçaq olub. O, Gəncə Dövlət Regional Kollecinin tələbəsi idi. Təhsilini yarımçıq qoyaraq hərbi xidmətə yollanıb. Çalışdım ki, təhsilini bitirdikdən sonra əsgərliyə getsin, lakin Asim razılaşmadı. Dedi ki, vətənə borcumu verib, qayıtmalıyam. Daha sonra təhsilimi davam etdirərəm... Yuxarı sinifdə oxuyanda Milli Qəhrəman Mübariz İbrahimovla bağlı yazı oxumuşdu. Yazı ona çox təsir eləmişdi. Deyirdi ki, şəhidlik hər kəsə nəsib olmaz. Müharibə vaxtı da, bizimlə əlaqə saxlayanda heç vaxt yerini deməzdi. Deyirdi ki, hər şey yaxşı olacaq. Torpaqlarımızı azad edib Qələbə ilə qayıdacam...    

Vətən torpaqlarının azadlığı uğrunda şəhadətə ucalan mərd əsgər Asim Süleymanovun cəmi 19 yaşı vardı. Amma o, bu yaşda adını tarixə yazmağı bacardı. İndi onunla təkcə doğmaları deyil, bütün Azərbaycan qürur duyur.

Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, Asim balamız!

Mina RƏŞİD

Oxşar xəbərlər

SON XƏBƏRLƏR