Novruzov Novruz Malik oğlu Cəbrayıl rayonunundandır. Rayonun işğalı ilə əlaqədar olaraq Biləsuvar rayonu ərazisində salınmış 3 saylı qəsəbədə məskunlaşıblar. Novruz 21 noyabr 1997-ci ildə bu qəsəbədə anadan olmuşdur. O, 2003-cü ildə Cəbrayıl rayon 9 saylı tam orta məktəbin birinci sinfinə daxil olub. Oxuduğu illərdə həm şagird, həm də müəllim kollektivinin böyük hörmətini qazanmışdır. Dərs əlaçısı olan N.Novruzov elə buna görə də orta təhsilini başa vurub, Gəncə Texnologiya Universitetinə qəbul olunub. Ali təhsilini bitirdikdən sonra həqiqi hərbi xidmətə çağırılmış, Quru Qoşunlarında xidmət etmişdir. 44 günlük Vətən müharibəsində Tərtər, Suqovuşan istiqamətində döyüşlərdə iştirak etmiş, burada yaralanmışdır. Həkim Ekspert Komissiyası ona 3-cü qrup əlillik dərəcəsi vermişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə "Cəsur döyüşçü" medalı ilə təltif olunmuşdur.
İsa MUSAYEV