23.11.2024, 00:49
AZ EN
10.02.2023, 10:52 315

Vətəni azad edəcəyik, başımız uca olacaq!

XƏBƏRLƏR
  • Vətən Müharibəsi qəhrəmanlarından olan şəhid Tural Ədil oğlu Bayramlı əslən Cəbrayıl raynundandır. Onlar Beyləqanda Qəhrəmanlı qəsəbəsində məskunlaşmışdılar. Tural 1996-cı il fevralın 10-da bu qəsəbədə dünyaya göz açıb, 2003-cü ildə qəsəbədə fəaliyyət göstərən Cəbrayıl rayonu Dağtumas kənd tam orta məktəbinin birinci sinfinə qədəm qoyub. 2014- cü ildə həmin məktəbi bitirərək həqiqi hərbi xidmətə yollanıb, N saylı hərbi hissənin kəşfiyyat taborunun kəşfiyyat bölüyündə xidmətə başlayıb.

2016-cı il Aprel döyüşlərinə qatılan Tural göstərdiyi şücaətlərə görə hərbi hissə komandanlığı tərəfindən Fəxri fərmanla təltif edilib. Hərbi xidmətini ləyaqətlə başa vuran igid əsgər gələcəyini də, bu sahədə görərək Daxili İşlər Nazirliyinin Xüsusi Təyinatlı “YARASA” adlı dəstəsində xidmətini davam etdirib. 

2020-ci il sentyabrın 27-də Vətən Müharibəsinin başlanması Ordumuzun döyüş qabiliyyətinin nümayişinə çevrildi və “Dəmir yumruq” əməliyyatı dünya hərb tarixinə qızıl hərflərlə yazıldı. Bu döyüş əməliyyatlarında Xüsusi Təyinatlı Qüvvələrimiz misilsiz qəhrəmanlıqlar göstərdilər. Tural Bayramlının da, Cəbrayıldan başlanan şanlı döyüş yolu Şuşa yaxınlığındakı Daşaltı kəndinədək davam etdi. Şuşanın mərkəzindən 3 km cənubda, Cıdır düzündən aşağıda yeləşən Daşaltı özü başdan-ayağa sirr olan bir məkandır. Tural Bayramlının son döyüş əməliyyatı da məhz bu Daşaltı kəndində oldu. Azərbaycan əsgəri otuz ilə yaxın bir müddətdən sonra qisas üçün burada idi. Şükürlər olsun ki, qisas qiyamətə qalmadı, müzəffər ordumuz Daşaltını da işğaldan azad etdi.
Tural Bayramlı 2020-ci il noyabrın 4-də axşam saatlarında Daşaltı kəndində igidliklə vuruşarkən qəhrəmanlıqla şəhid oldu. O, son videolarından birində Şuşa ilə bağlı arzularını dilə gətirmişdi. Çox təəssüflər olsun ki, Turalın çox arzuları kimi bu arzusu da yarımçıq qaldı. Tural on bir ay idi ki, nişanlı idi. Könül verdiyi qızla el adətincə nişanlanmışdı. Şəhidin anası Arzu Qarayeva bu barədə yana-yana danışır: “Avqustun 25-i mənim ad günüm idi. Atasını da, məni də götürüb burada restoran var, ora apardı. Söhbət zamanı dedi ki, ana, mənim dörd ildi istədiyim var. Özü də Şirvan şəhərindəndi. Dedi, ana, baxıb fikrini deyərsən. Qızın razılığını da aldıq, nişan da qoyduq. Elə bil ki, hər şey tələsik olurdu. Yanvarın on birində Turalı nişanladıq. Kaş toyunu edəydim, bəlkə, bir nişanəsi qalardı. Martın 24-də oğlumla nişanlısıgilə getdik. Ondan sonra balamı görə bilmədim... Bəy otağını bəzəmişəm. Amma özü bunu görmədi...”

Turalla ailəsi sonuncu dəfə oktyabrın 29-da əlaqə saxlaya bilib. O, anasından, atasından halallıq istəyib, nişanlısını tapşırıb. Döyüşdə hər şey ola biləcəyini qardaşına deyib.

Tural Vətən uğrunda şəhadətə ucalaraq torpaq, Yurd sevgisinin bütün sevgilərin fövqündə dayandığını sübut elədi.

Ölümündən sonra “Vətən uğrunda”, “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edildi.

Tural anası ilə söhbət edərkən demişdi ki, ana, torpaqlarımızı mənfur düşməndən azad edəcəyik, başımız uca olacaq.

Başımızı uca edən, özü isə ən uca zirvəni fəth edən Tural balamızın bu gün doğum günüdür.

Cənnətdək doğum günün mübarək, məzarın nurla dolsun, igid oğlan!

Mina RƏŞİD  

Oxşar xəbərlər