21.09.2024, 23:48
AZ EN
01.02.2023, 09:30 321

Ana, Şəhid olsam, ağlama!

XƏBƏRLƏR
  • Bu gün Vətən müharibəsi qəhrəmanlarından biri, kiçik çavuş Nazir Xurşudov Müxənnət oğlunun doğum günüdür. O, 1985-ci il fevralın 1-də Xaçmaz rayonunun Çaykənarı kəndində anadan olub. Burada Milli Qəhrəman Yavər Şahbazov adına tam orta məktəbi bitirən Nazir uşaqlıqdan idmana maraq göstərib. Əvvəlcə məşqçi Nurəddin Əhmədovun yanında şotakan-karate idman növünün sirlərinə yiyələnib. Sonra isə böyük qardaşı Maarif Xurşudovun təşəbbüsü və rəhbərliyi ilə karatenin vado-ryu növü ilə məşğul olub.

Qardaşından bu idman növünün incəliklərini mənimsəyən Nazir müxtəlif illərdə bir sıra respublikadaxili yarışlarda və zona birinciliklərində mükafatçılar sırasında olub. O, orta məktəbi başa vurduqdan sonra hərbi xidmətə yollanıb. Əvvəlcə Murovda, daha sonra isə Gədəbəydə kəşfiyyat bölüyündə xidmət edib. Xidmətini başa vurduqdan sonra Vətənə olan sevgisi onu yenidən Orduya qaytarıb. Öz istəyi ilə ordu sıralarına yazılan Nazir Xurşudov bir müddət Azərbaycan Sülhməramlı Qüvvələrində xidmət edib. O, çalışdığı müddətdə Əfqanıstan, Pakistan və Bolqarıstanda xüsusi kurslarda iştirak edib.
Nazir hərbçi kimi bir sıra yarışlarda da ölkəmizi təmsil edib və mükafatlar qazanıb. Bir müddətdən sonra ordudan tərxis olunsa da, o yenidən bu sahədə fəaliyyətini davam etdirib. Bu dəfə Qusar rayonunun kəşfiyyat bölüyündə xidmət etməyə başlayıb. Ümumilikdə 35 illik ömrünün 11 ilini hərbçi kimi Vətənə xidmət edən Nazir bir sıra mühüm hərbi əməliyyatların iştirakçısı olub.

O, Vətən müharibəsinə qədər 2016-cı il şanlı Aprel döyüşlərində və 2020-ci ilin iyul ayında baş verən Tovuz döyüşlərində qəhrəmancasına döyüşüb. Vətən müharibəsində yenidən döyüş meydanına atılan igidimiz Ağdam, Füzuli, Cəbrayıl və Xocavənd rayonları uğrunda gedən hərbi əməliyyatlarda iştirak edib. O, oktyabrın 21-də Xocavənd istiqamətində gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olub. Şəhidimiz oktyabrın 28-də doğulduğu Xaçmaz rayonunun Çaykənarı kəndində böyük bir izdiham və ehtiramla dəfn olunub.
Nazir Xurşudov ölümündən sonra Prezident İlham Əliyevin Sərəncamları ilə "Vətən uğrunda”,"Cəbrayılın azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.
Qardaşı Maarif onunla bağlı xatirələrində deyir ki, müharibə başlayanda Nazir mənə zəng edərək, döyüşlərə yollandığını dedi. İmkan olduqca bizimlə əlaqə saxlayırdı. Müharibə başlayandan iki həftə sonra qardaşım Cəbrayıl istiqamətində gedən döyüşlərdə ağır yaralandı. Ermənilər onların olduğu ərazini minaatanla vurmuşdular. Bu hadisə zamanı Nazir baldır, bud, çiyin və kürək nahiyəsindən qəlpə yaraları almışdı. Füzulinin Qaradağlı kəndindəki hospitalda müalicə alsa da, vəziyyəti ağır idi. Hətta həkimləri onu Bakıdakı xəstəxanalardan birinə yollayacaqları barədə məlumat vermişdilər. Lakin Nazir bir neçə gündən sonra bizə zəng edərək yenidən döyüş bölgəsinə yollanacağını dedi. O, tezliklə Cəbrayıl rayonu istiqamətində gedən döyüşlərə qatıldı. Düzü, Nazirin tam sağalmadan yenidən döyüşlərə yollanmasına hər birimiz etiraz etdik. Amma o bizə dedi ki, cəbhədə mənim qardaşlarım döyüşür və mən onların yanında olmalıyam, haqqınızı halal edin. Döyüşlərə yenidən yollandıqdan sonra onunla hər gün telefonda danışırdıq. Oktyabrın 17-si qardaşımla sonuncu danışığımız oldu. Bir daha ondan xəbər gəlmədi. Ona 3 gün zəng çatmadı… Oktyabrın 22-də Nazirin komandiri anama zəng edərək onun şəhid olması barədə xəbər verdi. Düzü, əvvəl heç birimiz buna inanmadıq. Dərhal onun bizim kənddən olan əsgərinə zəng etdim. Lakin onunla da əlaqə saxlaya bilmədim. Sonra bir neçə yerlə əlaqə saxlayaraq xəbəri dəqiqləşdirməyə çalışdım. Bir neçə günlük axtarışdan sonra qardaşım Eldarla birgə Füzuliyə yollandım. 5 gündən sonra isə onun nəşini naməlum şəhidlərin arasından tapdıq. Qardaşım yaralananda sənədlərini bizə vermişdi. Üstündə heç bir sənədi olmadığı üçün kimliyini müəyyən edə bilməmişdilər. Onun döyüşçü yoldaşları ilə sonradan əlaqə saxlayıb qardaşımın hansı şəraitdə şəhid olduğu barədə məlumat öyrəndim. Nazir Xocavənd istiqamətində gedən döyüşlərdə şəhid olub. Onu snayperlə vurmuşdular. Naziri vuran snayperçi muzdlu döyüşçü idi. Döyüşçü yoldaşlarının dediyinə görə Xocavənddə təpədə ermənilərin postu var idi. Nazir qumbaraatanla ermənilərin postunu vurduqdan sonra şəhid olan əsgər yoldaşının avtomatını götürərək, atəş açıb, irəli getdi. Yanında olan hərbçi yoldaşları ilə birgə qəhrəmancasına döyüşərək həmin postu ermənilərdən azad ediblər. Təəssüf ki, o, həmin döyüşdə aldığı snayper gülləsindən şəhid oldu. Nazirin nəşini həmin gün döyüş ərazisindən çıxara bilməmişdilər. Sonradan öyrəndim ki, o həmin anlarda həddindən artıq əsəbi olub. Bunun da əsas səbəbi gənc əsgər yoldaşının yemək yeyərkən boğazından snayperlə vurularaq, şəhid olması imiş. Bu hadisədən sonra qəzəbini saxlaya bilməyən Nazir onun və digər hərbçi yoldaşlarının qisasını almaq üçün irəli atılıb.
Ailəli olan şəhid Nazir Xurşudovun Şahin və Asiman adlı oğulları Vətənə yadigar qalıb.

Nazir anası ilə danışanda ona demişdi ki, şəhid olsam, ağlama!

Cənnətdəki doğum günün mübarək, ruhun şad olsun, Şəhidim!

Mina RƏŞİD 

Oxşar xəbərlər