Bəli, məhz Fərhad kimi oğullarımız torpaqlarımızı canı-qanı bahasına düşməndən geri alıb, bizə böyük Zəfər sevincini yaşatdılar. Bu gün Vətən Müharibəsi qəhrəmanlarından olan Fərhad Məhərrəm oğlu Babayevin doğum günüdür. O, 1992-ci il yanvarın 30-da Bakıda doğulub. 1998-2010-cu illərdə Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsindəki Pərviz İsmayılov adına 278 saylı orta məktəbdə təhsil alıb. 2010-cu ildə Qazaxdakı hərbi hissədə Vətənə xidmət edib. O, rabitəçi idi.
Fərhad ailənin ən kiçiyi idi. Hərbi xidmətdən qayıdandan sonra bərbər-stilist kimi çalışmağa başlayıb. Sonra özəl şirkətdə atası ilə birlikdə işləyib. Deyirlər ki, həyətlərində əngəlli bir oğlan yaşayırdı. Hər gün işdən gələndən sonra Fərhad onu əlil arabasında gəzdirirdi. Nə olursa olsun hər gün həmin oğlanla gəzintiyə çıxırdı. Onda yaxşılıq, xeyirxahlıq vərdişə, həyat tərzinə çevrilmişdi.
F.Babayev 2020-ci il sentyabrın 27-də 44 günlük Vətən Müharibəsi başlananda könüllü ordu sıralarına qoşuldu. O, Füzuli, Cəbrayıl, Xocavənd, Qubadlıda döyüşüb. Onun şəhid olduğu xəbəri də Qubadlıdan gəlib. Sonra onun nəşini Füzuliyə aparıblar. Təsadüfən qonşu uşaqlar döyüşçülərə sovqat aparanda eşidiblər ki, Günəşli uşağı şəhid olub. Sonra qardaşı Fərhadın nəşini gətirməyə gedib. Şəhidimizin qardaşı deyir: “Fərhadı öz əlimlə müharibəyə yola saldım, öz əlimlə də nəşini gətirdim. Çox ağırdır, bir qardaş kimi bunları yaşamaq mənə çox çətindir. Qəlpə onun qolundan girib, ürəyini parçalamışdı... Amma üzündə elə qəribə bir təbəssüm vardı ki.. Sanki ölümün üzünə gülüb, müharibədən əvvəl arzuladığı şəhadətə yüksəldiyi üçün xoşbəxt olmuşdu. Əslində şəhidlərin içində qardaşımı axtaranda hamısının üzündə təbəssüm gördüm. Elə bil gülə-gülə yatmışdılar, Şəhidliklə bərabər nur gəlmişdi üzlərinə”.
Ordumuzun mərd əsgəri, Vətənin igid oğlu Fərhad Babayev 2020-ci il oktyabrın 24-də Qubadlı uğrunda gedən qanlı savaşda qəhrəmanlıqla şəhid olub. Valideynləri onun Şəhidlər Xiyabanında dən edilməsini istəməyib. Elə doğma rayonda dəfn etməyə üstünlük veriblər. Qoy gələcəkdə hamımız bir yerdə olaq, ayrılmayaq, deyə, belə düşünüblər.
Ölümündən sonra Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə “Vətən uğrunda” “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.
Fərhad hələ subay idi. Onun könül verdiyi qız da qarabağlıydı.
Gənc ömrünü, bütün arzularını Vətənə qurban edən, Zəfər tariximizi yazanlardan biri oldu Fərhad. Nur içində yatsın. Cənnətdəki doğum günü mübarək olsun!
Mina RƏŞİD