O, 2001-ci il yanvarın 25-də Cəlilabad rayonunun Kazımabad kəndində anadan olub. Murad beş yaşı olanda anasını itirib. Atası deyir ki, sürücü işləyirəm, iki oğlum var. Murad evin kiçiyidir. Uşaqları əzab-əziyyətlə böyütmüşəm. Onlara həm ata, həm də analıq etmişəm. Övladlarım böyüyəndən sonra mənə kömək etmək istədilər. Mənim də bir ata kimi borcum onların gələcəyini düşünmək idi...
Murad hərbi xidmətini başa vurub evə qayıtsa da, tezliklə müddətdən artıq hərbi qulluqçu kimi ordu sıralarında hərbi xidmətə başlayaraq Vətənə ana dedi. Elə həmin ayda – sentyabrda da müharibə başladı.
Ordumuzun kiçik çavuşu Murad Bədirov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan torpaqlarımızın azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı mərdliklə döyüşlərə qatılıb. Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşub.
Atası deyir ki, Muradla sonuncu dəfə sentyabrın 8-də danışdıq. Dedi ki, “ata, hər şey yaxşıdır, narahat olmayın!”.
Kiçik çavuş M.Bədirov 2020-ci il oktyabrın 29-da Ağdərə istiqamətində gedən şiddətli döyüşlərdə qəhrəmanlıqla şəhid olub. Şəhidimiz doğulduğu Cəlilabad rayonunda böyük bir izdihamla torpağa tapşırılıb.
Ölümündən sonra Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə "Vətən uğrunda", “Suqovuşanın azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif edilib.
Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, Murad balamız!
Mina RƏŞİD