21.09.2024, 23:41
AZ EN
24.01.2023, 08:20 195

24 yanvar "Azərbaycan Bayrağı"ordenli şəhid Balakişi Hüseynovun anım günüdür

XƏBƏRLƏR
  • Ordu qurucularından biri, bölük komandiri Hüseynov Balakişi Rəhman oğlu 1968-ci il mart ayının 11-də Qubadlı rayonunun Dəmirçilər kəndində anadan olmuşdur. 1985-ci ildə orta məktəbi bitirmiş və 1986-88-ci illərdə Sovet ordusu sıralarında xidmət etmişdir.

Qarabağ hadisələri başlanan gündən Əliyar Əliyevin çağırışına qoşulmuş və onun taboruna daxil olmuşdur. İlk döyüş yoluna kəşfiyyat işlərindən başlayan Balakişi cəsur bir kəşfiyyatçı kimi çox mühüm və çətin tapşırıqları məharətlə yerinə yetirmişdir. 1992-ci ilin əvvəllərində rayon mərkəzi Ermənistanın Qafan və Gorus rayonları tərəfdən tez-tez güclü top və qrad atəşlərinə məruz qalırdı.Tabor komandirinin əmrinə əsasən düşmənin atəş nöqtələri təcili surətdə susdurulmalıydı.

Cəsur kəşfiyyatçı Balakişi üç köməkçisi ilə birlikdə böyük məharətlə düşmənin  atəş nöqtəsini susdurmuş, xeyli hərbi texnikanı və beş nəfərdən ibarət canlı qüvvəni məhv etmiş və bir nəfər erməni quldurunu əsir götürmüşdülər. İgid kəşfiyyatçıların xidməti yüksək qiymətləndirilmiş, Balakişi Hüseynov bölük komandiri təyin edilmişdi. 1992-ci ilin dekabr ayında erməni quldurları Seytas kəndinə hücuma keçmişdilər. Bu döyüşdə düşmənin xeyli hərbi texnikası, əlli nəfərdən çox canlı qüvvəsi məhv edilmiş, bir tank qənimət kimi ələ keçirilmişdir. O bu döyüşdə böyük şücaət göstərərək məşhur batalyon komandiri Daşnak Qriqoryanı öldürmüşdür. Bu döyüşdən sonra ona kiçik leytenant hərbi rütbəsi verilmişdir. Balakişi Hüseynovun son döyüşü Ağdamın Güllücə və Papravənd kəndlərində olmuşdur. 1994-cü il yanvar ayının 6-da, həmin kəndlərdə gedən qanlı döyüşlərdə böyük qəhrəmanlıq göstərmiş və ağır yaralanmışdı. Balakişi Rəhman oğlu Hüseynov 1994-cü ilin yanvarın 24-də hospitalda vəfat etmişdir. Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə o ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunmuşdu. Qubadlı rayon Dəmirçilər kənd tam orta məktəbinə şəhid Hüseynov Balakişi Rəhman oğlunun adı verilmişdir.

Allah bütün şəhidlərimizə rəhmət eləsin.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər