12.05.2025, 03:37
AZ EN
19.01.2023, 10:00 542

Cənnətdəki doğum günün mübarək, Şəhidim!

XƏBƏRLƏR
  • Bu gün Vətən Müharibəsi qəhrəmanlarından biri şəhid igid əsgər Yunis Zaur oğlu Əliyevin doğum günüdür. O, 2000-ci il yanvarın 19-da Bakı şəhərində anadan olub. Əslən Laçın rayonunun Səfiyan kəndindəndir. Orta təhsilini əvvəl Suraxanı rayonu Bülbülə qəsəbəsi 232 saylı məktəbdə, sonra isə 327 saylı tam orta məktəbdə alıb. Yunisin uşaq yaşlarından hərbçi olmağa həvəsi vardı. O, idmanla məşğul olmağı sevərdi. Orta məktəbi bitirdikdən sonra Suraxanı rayonu hərbi komissarlığından çağırışla 2020-ci il yanvarın 24-də hərbi xidmətə yollanıb. Hərbi xidmətini Goranboy rayonunun Yuxarı Ağcakənd qəsəbəsində, daha sonra isə Tap Qaraqoyunlu kəndində davam etdirib. Hərbi xidməti dövründə Yunis ağır silahlardan atıcılıq bacarığına uğurla yiyələnib.

2020-ci il sentyabrın 27-də başlanan Vətən Müharibəsində Y.Əliyev yüksək bacarıqlı əsgər kimi ön cəbhədə düşmənlə üz-üzə vuruşub.  Suqovuşanın düşməndən azad edilməsində böyük şücaət göstərib. O, bu  qanlı savaşda baş atıcı kimi cəldliyi və cəsarəti ilə düşmənin neçə-neçə texnikasini və canlı qüvvəsini məhv edib. İgid əsgər cəbhədə həmçinin yaralı əsgərlərə yardım etməsi ilə də yoldaşlarının yadında qalıb.

Yunis şəhid olmamışdan bir neçə gün öncə ailəsi ilə əlaqə saxlayıb deyib ki, ondan nigaran qalmasınlar, çətin bir vəziyyət yoxdur. Tezliklə düşmənləri məhv edib torpaqlarımızı geri qaytaracağıq.

 2020-ci il oktyabrın 5-də Ağdərə istiqamətində gedən döyüşlərdə, Batambara meşəsində qəfil açılan düşmən gülləsindən qəhrəmancasına şəhid olub. Şəhidimiz doğulduğu Suraxanı rayonu Bülbülə qəsəbəsinin Şəhidlər Xiyabanında böyük izdiham və ehtiramla torpağa tapşırılıb.

Ölümündən sonra Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda gedən döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamına əsasən “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” və “Laçının azad olunmasına görə” medalları ilə təltif edilib.

Qəhrəman əsgər Yunis Əliyev şəhadətə ucalanda 20 yaşı vardı. Amma bu gənc yaşında tarix yazaraq Azərbaycanın böyük Zəfərinə qanıyla öz imzasını həkk etməyi bacardı.

İndi onunla təkcə yaxınları, doğmaları deyil, bütün Azərbaycan fəxr edir, şərəfli adı, qəhrəmanlığı ilə qürur duyur.

Cənnətdəki doğum günün mübarək, ruhun şad olsun, Yunis balamız!

Mina RƏŞİD

Oxşar xəbərlər