O, 1991-ci il yanvarın 18-də Beyləqan rayonunun Təzəkənd kəndində dünyaya göz açıb. 2009-cu ildə Əliheydər Məmmədov adına Təzəkənd kənd tam orta məktəbinin 11-ci sinfini bitirib. T.Əliyev həqiqi hərbi xidmətini Silahlı Qüvvələrin Gəncə şəhərində yerləşən N saylı hərbi hissəsində başa vurub. O, 2012- ci ildə sənədlərini Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursuna verib. Hərbçi kimi yüksək keyfiyyətlərə malik olan Tural növbəti qəbul zamanı kursa göndərilib. Kursu müvəffəqiyyətlə başa vuraraq Beyləqan rayonunda yerləşən N saylı hərbi hissədə müddətdən artıq həqiqi hərbi xidmətə başlayıb və manqa komandiri kimi Vətənə xidmət edib. Bir müddət Beyləqanda xidmət etdikdən sonra Füzuli rayonunun Şükürbəyli kəndində yerləşən N saylı hərbi hissədə post komandiri kimi xidmətini davam etdirib.
Kiçik çavuş T.Əliyev Aprel döyüşlərində də, fəal iştirak edib və Lələtəpə yüksəkliyinin işgaldan azad olunmasına görə fəxri fərmanla təltif olunub.
Tariximizə 44 günlük Vətən Müharibəsi kimi daxil olmuş 2020-ci il sentyabrın 27-də başlanan İkinci Qarabağ müharibəsində tarix yazan igidlərimizdən biri də Tural Əliyev olub. O, bu qanlı savaşlara Füzuli rayonunun Qaraxanbəyli kəndi istiqamətindən qatılıb. Sonra Cəbrayıl, Qubadlı, Hadrut, Xocavənd və Şuşakənd uğrunda gedən döyüşlərdə mərdliklə savaşıb. Tural Füzuli şəhərini azad edib ora ilk daxil olan hərbçilərimizdən biri olub.
Elimizin igid oğlu 2020-ci il noyabrın 2-də Şuşakənddə yaralanaraq qəhrəmanlıqla şəhadətə yüksəlib. Onun nəşi xeyli neytral zonada qaldıqdan sonra doğma Beyləqana gətirilib. Şəhidimiz böyük el məhəbbəti və izdihamla doğma torpağa tapşırılıb.
T.Əliyev ailəli idi. Onun Abbas və Tuncay adlı iki oğlu Vətənə əmanətdir. İgidliyi və cəsurluğu ilə fərqlənən kiçik çavuş Əliyev Tural Arif oğlu ölümündən sonra iştirak etdiyi döyüş əməliyyatlarında və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin sərəncamları ilə “Vətən uğrunda”, "Füzulinin azad olunmasına görə " və "Xocavəndin azad olunmasına görə " medalları ilə təltif edilib.
Şəhidimizin atası Arif kişi deyir ki, torpaqlarımız işğalda olanda sanki bizim yaşamağa haqqımız yox idi. Vətən hamı üçündür. Vətəni oğulları qorumalıdır. İndi igid balalarımız torpaqlarımızı düşməndən aldı və biz alnıaçıq gəzirik. Bütün Şəhidlərimizin qarşısında baş əyirik. Allah qazilərimizə şəfa versin... Çünki biz onlara borcluyuq.
Turalın həyat yoldaşı deyir ki, o ailəcanlı, diqqətli, qayğıkeş insan idi. Mənə tək yoldaş yox, həm də yaxın dost idi... Vətən sağ olsun!
Bacısı isə qardaşı ilə fəxr elədiyini söyləyir.
Biz hamımız səninlə fəxr edirik, cənnətdəki doğum günün mübarək, Şəhidim!
Mina RƏŞİD