22.11.2024, 19:13
AZ EN
17.01.2023, 13:29 238

Oğul Vətən üçündür

XƏBƏRLƏR
  • Doğma yurd yerlərini görməyən, lakin haqqında valideynlərindən, ağsaqqallardan eşidən, o təbii gözəllikləri televiziya ekranlarından seyr edən oğullarımızın ürəyində həmişə düşmənə qarşı nifrət olub və bu, özünü Vətən müharibəsində bir daha göstərdi. Düşmənə aman verməyən qəhrəman oğullarımızdan biri də Hacızadə Rüfət Nüsrət oğludur.

Laçın rayonu erməni faşistləri tərəfindən işğal edildikdən sonra Rüfətin ailəsi Bakı şəhəri, Günəşli qəsəbəsində məskunlaşıb. O, 30 iyun 1995-ci ildə burada anadan olub və 2001-ci ildə Bakı şəhərindəki 285 saylı tam orta məktəbin 1-ci sinfinə daxil olub, 2010-cu ildə 9-cu sinfi bitirərək Şuşa Humanitar Kollecinin fiziki tərbiyə şöbəsinə daxil olub. 2014-cü ildə kolleci bitirdikdən sonra elə həmin il həqiqi hərbi xidmətə çağırılaraq "N" saylı hərbi hissədə hava kəşfiyyatı dəstəsində xidmət edib. 2016-cı ildə tərxis olunan Rüfət bir müddət Keşlə qəsəbəsində "Veysəloğlu" MMC-də operator işləyib. O, qeyd etdi ki, sonra Müdafiə Nazirliyinin TTM-də gizir hazırlığı kursunda tank komandirliyi bölümündə oxuyub və 2017-ci ilin 2 oktyabrında xidmətə başlayıb, 2020-ci ilin yanvar ayında Bakıdakı hərbi hissəyə göndərilib, oradan da Vətən müharibəsinə qatılıb. Döyüş yolu haqqında ətraflı məlumat verən Rüfət dedi ki, Füzuli rayonunun Alxaslı, Qaraxanbəyli kəndləri istiqamətində döyüşlərə qatılmışam və tank əleyhinə minaya düşüb kəllə-beyin travması almışam Füzuli rayonunun Əhmədbəyli hərbi hospitalına göndərilmişəm.

2 gün sonra oradan qaçıb döyüşlərə qatıldım. Oktyabrın 29-u  general - mayor Vasif Kərimovun əmri ilə XTQ-nin qərərgah rəisi əvəzi Zaur Məmmədovun yanına getdik. 30 oktyabrda Daşaltı istiqamətində Kırs dağının sol tərəfində ehtiyat qüvvə kimi dayanmışdıq.

7 noyabrda Zaur Məmmədovun tapşırığı ilə tuşlayıcı operator Balabəy Talıbov, sürücü mexanik Rəşad Süleymanov və tank komandiri kimi mən Şuşaya daxil olduq. Elə həmin gün ermənilərin qoyub qaçdığı tanklardan ibarət texnikanı hazırda xidmətdə olan bir zabitlə ələ keçirdik (həmin tank hazırda ordumuzun arsenalındadır.

2020-ci il noyabrın 9-da Xankəndi istiqamətindən atılan mərmi nəticəsində yenidən yaralanıb Mərkəzi Hərbi Hospitala göndərildim. 11 ay yarım müalicədən sonra Hospitalın Həkim Ekspert Komissiyasinin “Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararsız diaqnozu ilə ehtiyata  buraxılmışam 3-cü qrup əliləm. Hazırda Bakı şəhəri Əlillərin Reabilitasiya Bərpa Mərkəzində müalicəm davam edir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə "Füzulinin azad olunmasına görə" , "Xocavəndin azad olunmasına görə" , “Xidmətdə fərqlənməyə görə"  və "Vətən müharibəsi iştirakçısı" medalları ilə təltif olunub.

İsa MUSAYEV

Oxşar xəbərlər