O, 1986-cı il yanvarın 11-də Beyləqan rayonunun Eyvazalılar kəndində anadan olub. 1992-2003-cü illərdə doğma kənd məktəbində orta təhsil alıb. Hərbi xidmətini Azərbaycanın ordu sıralarında uğurla başa vurub. Torpaqlarımızı düşməndən azad etmək Niyaməddinin də ən böyük arzusu olub. Ona görə də, o, Vətən Müharibəsinə könüllü və böyük ruh yüksəkliyi ilə qatılıb. Müharibənin ilk günlərindən düşmənin müdafiə xəttinin yarılmasında Niyaməddin bir atıcı kimi şücaətlər göstərib. Füzuli, Cəbrayıl, Xocavənd uğrunda gedən qanlı döyüşlərdə mərdliklə vuruşub.
2020-ci il oktyabrın 5-də doğmaları ilə sonuncu dəfə telefonla əlaqə saxılayıb. Həmin günün səhəri oktyabrın 6-da Füzuli uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla şəhadətə yüksəlib. Şəhidimizin nəşi bir neçə gün axtarıldıqdan sonra tapılıb və doğma Beyləqan torpağında böyük izdiham və ehtiramla torpağa tapşırılıb.
Ölümündən sonra Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.
Şəhidin atası Əmiraslan Məhərrəmov deyir ki, Niyaməddin döyüşə getməzdən əvvəl gecə yatmadı, Qarabağla bağlı mahnılar, marş oxudu. Səhər sənədlərini topladı, birlikdə hərbi komissarlığa getdik. Oradan da ön cəbhəyə yola düşdü. Dedi ki, narahat olmayın...
Niyaməddin ailəli idi. İki azyaşlı övladı Ayan və Ayxan Vətənə əmanət qaldı. O, müharibəyə gedəndə ailəsindən, uşaqlarından narahat deyildi. Çünki, qardaşlarının onlara dəstək olacağını bilirdi.
Niyaməddinin anası danışdıqca qəlbimizdə bir qəhrəman ana heykəli ucalır. Elə bir ana ki, əzəmət, qüruq simvoluna çevrilir. Deyir ki, oğlum Vətən uğrunda qurban getdi. O biri oğullarım da, Niyaməddin kimi Vətənə xidmət etməyə hazırdır!
Qəhrəman ananın igid oğlu, cənnətdəki doğum günün mübarək!
Mina RƏŞİD