Müstəqillik həyatımıza çoxlu müqəddəs anlayışlarla daxil olurdu. Şübhəsiz, bunların ən birincisi “şəhid” kəlməsi idi. İlk eşitdiyimizdə bu söz bizə qəribə gəlirdi. Qardaş Türkiyədə böyük sevgi və sayğı ilə işlənsə də biz bu ifadəni daha çox tarixi Kərbəla qurbanlarına aid edirdik və təsəvvürümüzdə dini motivlə assosiasiya olunurdu.
Zaman bizə çox şey öyrətdi!
Məlum oldu ki, Tanrı kimi Vətənə də öz ölümünlə şəhadət verə bilərmişsən.
Vətən də bir ilahmış və ona tapınmaq da imandanmış!
Əslində, müstəqillik bizə Vətənin nə olduğunu başa saldı.
Azad olmayınca insanın həqiqi vətəni də olmazmış!
Xalqımızın çox maraqlı bir sözü var. Deyir, adam var evdən gedər, adam var eldən. Bir az müasirləşdirib daha geniş məzmun versək, bu deyimi bu cür ifadə edə bilərik: adam var bir ailədən gedir, adam var bütöv vətəndən. Həyatı o qədər ictimai əhəmiyyət daşıyır ki, sən onu bütün ölkənin itkisi sayırsan.
Lakin ölümlərin ən möhtəşəmi belə insanın bir evdən, bir ailədən getdiyi gerçəyini istisna etmir.
Şəhidlər nə qədər qürur yerimiz olsalar da, onların hər birinin ölümü ailə faciəsinə, yaxınlarının, doğmalarının fərdi ağrısına, dərdinə çevrilir. Biz vətən uğrunda şəhid olan ailə üzvlərimizlə doğrudan fəxr edirik, lakin həm də onların yoxluğuna üzülürük və bu hisslər bir-birini nəinki istisna edir, əksinə tamamlayır.
Buna ən yaxşı örnək Xalq yazıçısı Sabir Əhmədlinin Murovda düşmən gülləsinə tuş gələn oğlu Məhəmmədə münasibətidir. Elə məşhur olduğu üçün məsuliyyətini hiss etdi, dedi, mən övladımı vətənin keşiyinə göndərməsəm, el-oba içinə necə çıxaram.
Həm də oğlunun gedişindən sonra narahat oldu, onu ad günü ərəfəsi bir neçə günlük tətilə gətirmək üçün xidmət etdiyi hərbi hissəyə yola düşdü. Yazıçının üz tutduğu ünvana çatması ilə oğlunun yaralanma xəbəri gəldi. Əslində isə gənc Məhəmməd yaralanmamış, şəhid olmuşdu. Sadəcə, atasına bu ağır xəbəri birbaşa söyləyə bilməmişdilər.
Hamının əzəmətli və dözümlü adam kimi tanıdığı Sabir Əhmədli öz iş otağında oğlu üçün gizli-gizli ağlayırmış. Ona görə gizli-gizli ki, göz yaşlarını görməsinlər, oğlunu o biri şəhidlərdən seçdiyini düşünməsinlər.
Sabir Əhmədli bir yazıçı, bur ictimai xadim kimi oğlunu qeyrətli vətən övladlarına qoşub səngərə göndərir, bir ata, bir doğma kimi onun üçün göz yaşı tökürdü.
Bundan əvvəl Xalq şairi Xəlil Rzanın oğlu Təbriz şəhid olmuşdu. Dəfnində ata öz gəlinini – Təbrizin həyat yoldaşını təbrik edirdi. Axı onun əri şəhadət mərtəbəsinə yüksəlmiş, ölümü ilə əbədiyyətin qapısını döymüşdü.
Hər iki hadisənin başqa bir ibrətamiz tərəfi də vardı: şəhidlik yazıçı ailələrinə yol tapmışdı və gələcək bədii əsərlərdə özünü büruzə verəcəkdi.
Şəhidlər haqqında çox yazılır və yazılacaq da. Ancaq öz ailə üzvlərinin qələmə aldıqlarının bir başqa təsiri var. Onlar Sabir Əhmədli və Xəlil Rza kimi məşhur yazıçı və şair olmasalar da...
Bu günlərdə Əzizə Fariz adlı gənc yazarın “Sevən qəlbin fəryadı” adlı romanı çap olundu. Əzizə xanım 44 günlük zəfər müharibəsində Füzuli istiqamətində şəhid olmuş Fariz Həsənovun həyat yoldaşıdır. Fariz bəy "Vətən uğrunda" və "Döyüşdə fərqlənməyə görə" medalları ilə təltif edilib. Onun bir oğlu, bir qızı var. Əzizə xanım həyat yoldaşının yadigarlarını böyütməklə yanaşı, həm də imkan daxilində öz həyat yoldaşının xatirəsini yaşadır, onu tanıdır, keçdiyi döyüş yolu haqqında faktları ictimaiyyətin diqqətinə çatdırır. Bu dəfə isə bir ilkə imza atdı: ondan roman yazdı!
Ümumilikdə, Aprel döyüşlərindən üzübəri şəhid xanımlarının yeni dövr insanı kimi görünməsi çox sevindiricidir. Onlar həm müxtəlif dövlət idarələrində işləyir, həm vətəndaş cəmiyyəti sektorunda fəallıq göstərir, həm də jurnalistika və ədəbiyyat sahəsində görünürlər. Misal kimi “Murov qartalı” ləqəbi ilə tanınan şəhid-polkovnik Raquf Orucovun həyat yoldaşı Sevinc Alızadəni göstərə bilərik. O, ali təhsilli hüquqşünasdır. “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin rəhbəridir. Şəhid ailələrinin müxtəlif problemləri ilə bağlı məsələlər qaldırmaqla yanaşı, həm də kütləvi mədəni tədbirlər təşkil edir. Əzizə Farizin kitabının “Libraff” kitab evində keçirilən təqdimat mərasimini də bu birlik təşkil etmişdi.
Sevinc xanımın özünün Raquf Orucov haqqında çox təsirli yazıları var.
APA TV-də şəhid ailələrindən bəhs edən “Ocaq əmanəti” verilişinin aparıcısı Nuranə Namazova başqa bir Aprel şəhidi Elvin Namazovun həyat yoldaşıdır. Onun öz qəhrəman həyat yoldaşı haqqında gözəl bir məqaləsi vardı.
Təbii, misalları uzatmaq olar.
Əzizə Fariz Həsənova isə şəhid həyat yoldaşının təkcə soyadını yox, adını da təxəllüs kimi götürərək, onun haqqında roman yazdı. Əlbəttə, bu cür əsərlər bədii çəkisindən öncə mənəvi dəyərinə görə diqqətə layiqdir. O, bizə bir şəhidin həyatına, onun duyğu və yaşantılarına, sevgi dolu daxili dünyasına tamam fərqli, daha doğma, daha yaxın bir nöqtədən baxmaq imkanı verir. Müəllif özü bu dramaturji vəziyyətin iştirakçısı ola-ola həm də onun müəllifinə çevrilir. Sanki əsər oxumursan, kimsə sənə ərklə öz dərdini danışır. Belə səmimi ünsiyyət oxucunu təsirləndirir, onu sevginin, sədaqətin əbədiliyinə inandırır.
Bu günlərdə ədəbiyyat saytlarında Məhəmməd Samir adlı gənc bir şairin şəhid atasına yazdığı silsilə şeirlər sosial şəbəkələrdə xeyli müzakirə olundu. Bəhs etdiyimiz roman kimi bu nümunələri də bir ilk saymaq olardı. Ona görə ki, bizə bəlli olan ritorika və pafosdan kənar qələmə alınmışdı. Müəllif beş-altı yaşında ata itkisini necə hiss etmişdisə, konkret bədii detallarla elə o cür də yaza bilmişdi.
Gənc şairin “Ulduz” şeiri xüsusilə diqqət çəkirdi. Kimsə balaca uşağı inandırır ki, atalar şəhid olanda göylərə çəkilib ulduza çevrilir və ordan vətən torpağının keşiyini çəkir. Uşaq da bir gün ulduza çevrilmək, atasına qovuşmaq xəyalı ilə yaşayır. Ancaq bu, heç cür mümkün olmur. Uşaq buna görə əzab çəkir. Hətta atasından üzr istəyir. Eyni zamanda, gecələr imkan tapdıqca ulduzlu göylərə tamaşa edərək atasını axtarır. Bəzən bir parlaq ulduzu ona bənzədir, ulduzun ona nəsə dediyini düşünür...
Şeiri oxuya-oxuya əslində şair xəyalının romantik gerçəkliyi oxucuya da sirayət edir. Sən də şəhidlərin vətən göylərində ulduza çevrildiyini düşünürsən. Axı ulduzlardan daha ucada heç nə yoxdur. Demək, Tanrı vətənin torpağı kimi səmasını da onun ən dəyərli övladlarına əmanət edirmiş...
Şərif AĞAYAR