İşğaldan azad olunmuş ərazilərdə olan su təsərrüfatı və meliorasiya obyektlərinə dair statistik rəqəmlər açıqlanıb.
"Vətən səsi" xəbər verir ki, rəsmi statistikaya görə, 30 ilə yaxın Ermənistan ordusunun işğalı altında qalan Azərbaycan ərazilərində su anbarlarının sayı 9, sututarların sayı 7 isə olub. Erməni işğalı altında olan torpaqlarımızdakı suvarma şəbəkələrinin uzunluğu 6426 km, hidroqovşaqların sayı 2, kollektor-drenaj şəbəkəsinin uzunluğu 330 km, hidrotexniki qurğuların sayı 8003, nasos stansiyalarının sayı 88, subartezian quyuların sayı 1429 ədəd olub.
Hazırda işğaldan azad edilən ərazilərdə su təsərrüfatı və meliorasiya obyektlərinin dəqiq sayının və mövcud vəziyyətin müəyyən edilməsi üçün yaradılmış xüsusi komissiyalar bu istiqamətdə işlərini davam etdirir. Belə ki, komissiyalar tərəfindən aparılan araşdırmalarla Qarabağ və Şərqi Zəngəzur bölgəsində istifadəyə yararlı su təsərrüfatı və sututarların, habelə qurğu və texnoloji avadanlıqların mövcud vəziyyəti texniki baxışdan keçirilir, bərpa və yenidənqurma tədbirləri üzrə planlar hazırlanır.
Xatırladaq ki, Azərbaycanın işğaldan azad olunmuş ərazilərində 14 əsas çay var və onların hamısının suyu həm içməli, həm də suvarma məqsədləri üçün yararlı hesab olunur. Ümumilikdə isə işğaldan azad olunan ərazilərdə 14 çay, göl və yeraltı sulardan ibarət su ehtiyatları təxminən 2,6 milyard kubmetr olaraq hesablanır. Bu isə respublika ərazisində su ehtiyatlarının 25 faizə qədərini təşkil edir.
Təkcə Kəlbəcər rayonu ərazisindəki Böyük Alagölə 7 çay tökülür. Bunlardan ən böyüyü Qurbağalı və Azadçaydır. Böyük Alagöldən 2 km cənub-şərqdə yerləşən və Kəlbəcərin ikinci ən böyük gölü olan Kiçik Alagölün sahəsi 0,9 km2, uzunluğu 2000 metr, maksimal dərinliyi 4 metrdir. Qarabağın əsas çayları olan Tərtərçay, Həkəriçay, Bəsitçay, Levçay, Zabuxçay, Tütqun çayı və digərlərinin sularının mineral tərkibi müvafiq normalara uyğundur.
Ölkə ərazisində su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi, su təsərrüfatının idarə olunmasının təkmilləşdirilməsi və bu sahədə fəaliyyətin əlaqələndirilməsi məqsədilə Prezident İlham Əliyevin 15 aprel 2020-ci il tarili sərəncamı əsasında yaradılmış Komissiyaya işğaldan azad olunan ərazilərdə də su ehtiyatlarından səmərəli istifadə məsələləri ilə bağlı xüsusi tapşırıq verilib. Bundan başqa, dövlət başçısının 2022-ci ilin noyabrın 16-da təsdiq etdiyi "Böyük Qayıdışa dair I Dövlət Proqramı"nda meliorasiya və su təsərrüfatı ilə bağlı 14 adda investisiya layihələrinin həyata keçirilməsi nəzərdə tutulub. Hazırda "Meliorasiya və Su Təsərrüfatı" ASC Qarabağ və Şərqi Zəngəzur ərazilərində həmin layihələrin icrasını həyata keçirir. Həmin layihələrindemək olar ki, hamısı icra vəziyyətindədir, 4 yenidənqurma layihəsi isə tamamlanmaq üzrədir.
Hazırda işğaldan azad edilmiş ərazilərdə icrası davam edən sut təsərrüfatı layihələri ilə bağlı məlumatları aşağıdakı cədvəldə oxuculara təqdim edirik:
№ |
Layihənin adı |
İcra müddəti |
1. |
Suqovuşan su anbarının 5,2 km uzunluğunda magistral kanalla birlikdə təmiri və bərpası |
2022‒2023 |
2. |
Tərtərçay Sol Sahil kanalının yenidən qurulması |
2022‒2023 |
3. |
Xaçınçay su anbarının 7 km uzunluğunda kanalla birlikdə təmiri və bərpası |
2022‒2023 |
4. |
Aşağı Köndələnçay, Köndələnçay-1 və Köndələnçay- 2 su anbarlarının təmiri və bərpası |
2022‒2023 |
5. |
Qız qalası su anbarından magistral suvarma kanalının tikintisi |
2022‒2026 |
6. |
Ağdam rayonunun işğaldan azad olunmuş ərazilərində meliorasiya və su təsərrüfatı kompleksinin bərpası və inkişafı |
2022‒2026 |
7. |
Füzuli rayonunun işğaldan azad olunmuş ərazilərində meliorasiya və su təsərrüfatı kompleksinin bərpası və inkişafı |
2022‒2026 |
8. |
Cəbrayıl rayonunun meliorasiya və su təsərrüfatı kompleksinin bərpası və inkişafı |
2022‒2026 |
9. |
Bərgüşadçay su anbarının tikintisi |
2022‒2026 |
10. |
Həkəriçay su anbarının tikintisi |
2022‒2026 |
11. |
Zabuxçay su anbarının tikintisi |
2022‒2026 |
12. |
Zəngilan rayonunun meliorasiya və su təsərrüfatı kompleksinin bərpası və inkişafı |
2022‒2026 |
13. |
Qubadlı rayonunun meliorasiya və su təsərrüfatı kompleksinin bərpası və inkişafı |
2022‒2026 |
14. |
Laçın və Kəlbəcər rayonlarının meliorasiya və su təsərrüfatı kompleksinin bərpası və inkişafı |
2022‒2026 |
Elxan SALAHOV