2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsində ordumuzun mərd əsgəri Kənan Məmmədov ilk gündən döyüşlərə qatılıb. Talış kəndi və Suqovuşan istiqamətində gedən şiddətli döyüşlərdə şücaətlər göstərib. 2020-ci il oktyabrın 21-də Milli qəhrəman Mübariz İbrahimovun adını daşıyan “Mübariz” postunda qəhrəmancasına şəhid olub. Şəhidimiz böyük bir izdiham və ehtiramla dünyaya göz açdığı Cəlilabad rayonunda torpağa tapşırılıb.
Ölümündən sonra Müzəffər Ali Baş komandan İlham Əliyevin sərəncamları ilə ”Vətən uğrunda”, ”Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.
Bu gün doğmaları onunla fəxr edirlər. Anası deyir ki, bizim təsəllimiz Kənanın Vətən uğrunda şəhid olmasıdır. O, bizim üzümüzü ağ elədi. Torpaqlarımızın azadlığı ilə qeyrətimiz, namusumuz özümüzə qayıtdı. Allah balamın şəhadətini mübarək eləsin, bizlərə isə səbr versin. Şəhid anası onu da deyir ki, Kənanın cəmi 22 yaşı vardı, amma yaşına görə çox ağıllı bala idi. O, darda olana əl uzadar, böyük-kiçiyin yerini bilərdi...
Atası Tofik kişi də, balası ilə fəxr etdiyini söyləyir: “Bizim oğullarımız arxaya baxmadan irəli getdilər, ancaq Vətəni, torpağı düşünərək haqq uğrunda şəhadətə ucaldılar”.
Xoş o inasanın halına ki, ölümündən sonra haqqında belə gözəl sözlər, xoş xatirələr söylənir. Vətən uğrunda şəhadətə ucalan oğulların isə məqamı daha yüksəkdir.
Cənnətdəki doğum günün mübarək, Kənan balamız!
Mina RƏŞİD