Tədbir zamanı əcnəbi tələbə və professor-müəllim heyətinin iştirakı ilə mədəniyyət, ətraf mühit, diplomatiya mövzuları üzrə yerli və xarici ekspertlər tərəfindən panel müzakirələri aparılıb.
Mədəniyyət paneli üzrə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi, Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzi, Azərbaycanın UNESCO yanında daimi nümayəndəliyinin əməkdaşları spiker qismində iştirak ediblər. Ətraf mühitlə bağlı paneldə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Xəzər və Azərbaycan Dövlət İqtisad universitetlərinin nümayəndələrinin, eyni zamanda müstəqil ekspertlərin məruzələri dinlənilib. Diplomatiya panelində isə Xarici İşlər Nazirliyi, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi, Qoşulmama Hərəkatı Gənclər Təşkilatı, Topçubaşov Mərkəzinin nümayəndələri çıxış ediblər. Sözügedən paneldə iştirak edən ABŞ-ın Hudson İnstitutunun Yaxın Şərqdə Sülh və Təhlükəsizlik Mərkəzinin direktoru Maykl Doranın çıxışı maraqla qarşılanıb.
Qeyd edək ki, forumda iştirak edən spikerlərin bir neçəsi "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində xaricdə təhsil almış məzunlar olub. Panel müzakirələri zamanı forum iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Forumda ölkə Prezidentinin sərəncamları ilə təsis edilmiş təhsil qrantı proqramları, Azərbaycan Respublikasının tərəfdar çıxdığı hökumətlərarası sazişlər və öz vəsaiti hesabına ölkəmizdə təhsil alan 70-ə yaxın əcnəbi tələbə iştirak edib.
Sonda iştirakçıların təəssüratları dinlənilib, onlarla xatirə şəkli çəkdirilib.
Hazırladı: Mina RƏŞİD