Bu gün Vətən müharibəsi şəhidi gizir Sənan Fikrət oğlu Səmədlinin doğum günüdür. O, 1997-ci il dekabrın 27-də Yevlax rayonunun Kolanı kəndində anadan olub. 2005-ci ildə Yevlax rayon Nizami Gəncəvi adına Malbinəsi kənd tam orta məktəbinin 1-ci sinfinə daxil olub. 2009-cu ildə Yevlax rayon T.İsmayılov adına Kövər kənd tam orta məktəbində təhsilini 5-ci sinfdən davam etdirib və 2015-ci ildə bitirib. Naxçıvanda müddətli həqiqi hərbi xidmətini fəxri-fərmanlarla başa vurub.
Gizir Sənan Səmədli 2020-ci il sentyabrın 27-də başlanan və 44 gün davam edən Vətən müharibəsində Artilleriya taqımının top komandiri kimi iştirak edib. Döyüş yoldaşları Samir Cəbrayılov və Mirpaşa Ağayev deyir ki, Samir öz işini çox yaxşı bacarırdı. Olduqca cəld, cəsarətli idi. O, texnikalara canlı kimi baxır, onlara xüsusi qulluq edirdi. Elə ona görə də o, həmin texnikalarla düşmənin xeyli canlı qüvvəsini və tanklarını məhv etmişdi.
Sənan Səmədli 2020-ci il sentyabrın 30-da Tərtər rayonunun Dəmirli kəndi istiqamətində döyüş tapşırığını yerinə yetirərkən qəhrəmanlıqla şəhid olub. Şəhidimiz Yevlax rayonunda böyük bir izdiham və ehtiramla torpağa tapşırılıb.
Ölümündən sonra Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə “Vətən uğrunda”, “İgidliyə görə”, “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.
Sənan Vətən uğrunda şəhadətə ucalanda 22 yaşı vardı. O, gözünü qırpmadan öz gənc ömrünü Vətənə, şanlı Zəfərə və bizə bağışladı.
Cənnətdəki doğum günün mübarək, ruhun şad olsun Sənan balamız!
Mina RƏŞİD