24.04.2025, 21:18
AZ EN
26.12.2022, 12:42 459

"Qartal zirvədə" sənədli filmi təqdim edilib

XƏBƏRLƏR
  • “Xəzər Media Mərkəzi”nin hazırladığı "Qartal zirvədə" adlı sənədli filmi ictimaiyyətə təqdim olunub.

Qeyd edək ki, film DTX-nin II Qarabağ müharibəsində və savaşdan sonra Ermənistan xüsusi xidmət orqanlarına, erməni terrorçularına qarşı mübarizəsini əks etdirir. Vətən müharibəsi dönəmində Vətənə xəyanət ittihamı ilə həbs edilən Aydın Zəkiyevin etirafları, erməni separatçılarının Xankəndidə fəaliyyət göstərən qanunsuz “Qarabağ Telekom” mobil-rabitə provayderinin sıradan çıxarılması və Cəbrayılda 7 min nəfər Azərbaycan hərbçisinin mühasirədən xilas edilməsi ilk dəfə bu filmdə Azərbaycan ictimaiyyətinə təqdim olunur.  
Filmin çəkilişləri olayların yaşandığı hadisə yerlərində - Zəngilan, Xocavəndin Hadrut qəsəbəsi, Tuğ kəndi, Xocalının Fərrux dağ silsiləsi, Ağdamın Xaçınçay su anbarı, Kəlbəcərdə Dəlidağ yüksəkliyi, Yanşaq kəndi, Tovuzun Ağbulaq kəndi və Şuşa ərazilərində həyata keçirilib.

 “Qartal zirvədə” filminin prodüseri Xəzər Media Mərkəzinin Baş direktoru Murad Dadaşov, layihə rəhbəri İnqilab Məmmədov, müəllifi Rüstəm İbadov, quruluşçu rejissoru Elgün Bayramlı, rejissoru Aslan Qarayev, ssenari müəllifi Elnurə Nağıyeva, redaktoru Azər Teymurlu, montaj rejissoru Polad Elmanoğludur.

Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzində keçirilən filmin təqdimat mərasimində Azərbaycan Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev, media ilə bağlı qurumların, ölkədə fəaliyyət göstərən televiziya kanallarının rəhbərləri, eləcə də Dövlət Təhlükəsizliyi Xidmətinin ali zabit heyəti, əməkdaşları iştirak ediblər.

“Xəzər Media Mərkəzi”nin baş direktoru Murad Dadaşov "Qartal zirvədə" sənədli filminin çəkilməsində əsas məqsədləri açıqlayıb.

Daha sonra Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyev Vətən müharibəsində Zəfərin qazanılmasında qurumun fəaliyyətlərindən danışıb. DTX rəisi göstərdiyi qəhrəmanlıq nümunələrinə görə yüksək orden və medal qazanan xidmət əməkdaşlarının sayını açıqlayıb.

DTX rəisi "Qartal Zirvədə" sənədli filminin çəkilişlərinə görə “Xəzər Media Mərkəzi”nə təşəkkür edib və Murad Dadaşovu "Dövlət Təhlükəsizliyi və və xarici kəşfiyyat orqanlarının 100 illiyi" yubiley medalı ilə təltif edib. Filmin müəllifi Rüstəm İbadov və rejissoru Aslan Qarayevə isə hədiyyələr təqdim olunub.

Sonda "Qartal Zirvədə" sənədli filmi nümayiş etdirilib.

Mina RƏŞİD

Oxşar xəbərlər