22.11.2024, 07:45
AZ EN
09.12.2022, 14:16 339

Bu daşların dili olsaydı həmin dəhşətləri dilə gətirməkdə çətinlik çəkərdi

XƏBƏRLƏR
  • Hələ uzun illər əvvəl ikinci dünya müharibəsindən bəhs edən filmlərdə əsir düşərgələrini, tikanlı məftilləri, dəmir barmaqlıqları, işgəncə çəkən günahsız insanları görəndə həyacanlanırdıq, bu kadrlara baxdıqca bizdə faşizmə nifrət hissi yaranırdı...

29 il əvvəl isə soydaşlarımız erməni təcavüzü nəticəsində bunu  real həyatda şayadılar. Həm də filmlərdə göstərilənlərdən daha dəhşətlisini.

Eldar Babayev insanlığa sığmayan bu işgəncələri erməni əsirliyində olanda yaşayıb. 29 ildən sonra yenidən burdadır, lakin əsir kimi yox, qalib dövlətin vətəndaşı kimi. Gözlərindəki həyacan da anlaşılandı, çünki həyatının ən dəhşətli saatlarını yaşayıb burda: “Bizi hər gün dəmirlə, yumruq-təpiklə döyürdülər, hətta başımıza  qaynaya-qaynaya su tökürdülər. Fevral ayının axırı idi, dedilər ki, səni dəyişməyə aparırlar. Məni gözü bağlı  Tuğ kəndinə gətirib burda gözlərimi açdılar. Aradan iki saat vaxt keçmişdi, dedilər ki, səninlə dəyişdiriləcək erməni hələ gəlib çıxmayıb, sabaha qalacaq. Sonra məni qaranlıq bir otağa saldılar”.

Bu ağır, qaranlıq, qapalı və soyuq otaqlar elə bu məqsədlə, azərbaycanlı əsirləri saxlamaq və onlara olmazın işgəncələrini vermək üçün qurulub. Tuğ kəndində belə yerlər kifayət qədərdir. İçərisi qaranlıq, yalnız çöldən dəstəyi olan pəncərəsiz,  əsasən evlərin zirzəmisində. Qapıların yuxarı hissəsində olan dəmir barmaqlıqlı xırda nəfəsliklər isə bu otaqların saxlanc yeri yox, məhz əsirlərin kamerası olduğunu tutarlı faktlarla sübuta yetirir. Bu qaranlıq kameralarda azərbaycanlı əsirlərə qarşı hansı dəhşətlər törədilib, onu demək isə çətindir. Bəlkə də, bu daşların, divarların dili olsaydı belə həmin dəhşətləri dilə gətirməkdə çətinlik çəkərdi.

1993-cü il yanvarın 4-ü əsir götürülən Eldar Babayev 14 gün Xocavənddə milis şöbəsinin təcridxanasında saxlanılıb. Burda başqa əsirlərin də olduğunu görüb, onlara içməyə su  belə verilməyib.

Sonradan Xankəndinə aparılan Eldar Babayev burda da insanlığa sığmayan dəhşətlərin şahidi olub. Gördüyü işgəncələr sağlamlığında ciddi fəsadlar yaradıb.

Vurğulayaq ki, Tuğda saxlanılan azərbaycanlı əsirlər yalnız təhqir edilməyib, alçaldılmayıb, döyülməyib, həm də ağır əl əməyinə cəlb olunublar.

Əsirlikdə olan azərbaycanlıların ağır əl əməyi hesabına, elə daşlar azərbaycanlıların öz evlərindən sökülərək bura daşınıb və yollara döşənib.

Bu sadəcə kiçik bir faktdır. Tuğ sakini Oktay Göyüşov deyir ki, kəndimiz işğal olunanda mənim 25 yaşım var idi. Kənddəki bütün evləri öz evim kimi tanıyıram, harda nəyin olduğunu da yaxşı xatırlayıram. Biz o vaxtı təsəvvürümüzə də gətirməzdik ki, belə seyf qapılar olar, açılan kameralar olar, açıq pəncərələr qapana bilər, biz bunları təsəvvür eləmirdik.  Biz indi görürük ki, bu kənddə  ermənilər nələr eləyiblər...

Eldar Babayev deyir ki, şükürlər olsun ki, güclü Ordumuzun sayəsində torpaqlarımız işğaldan azad edildi. Onların sayəsində mən burdayam.

Əslində, ermənilərin  niyyəti, məramı bizə bəllidir. Əsirlikdən qayıdan insanlarımızın danışdıqlarına qulaq asdıqca düşünürsən ki, dünyada bu qədər vəhşi bir qövm də mövcuddur. Bütün bunlar deməyə əsas verir ki, insan haqlarına dair  beynəlxalq konvensiyaları tapdalayan bu qövmün törətdiklərinə  göz yumanlar da ən azı onlar dəqər günahkardırlar.

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər

SON XƏBƏRLƏR