22.11.2024, 00:41
AZ EN
07.04.2022, 16:40 1007

Ağdaban sakinləri 30 ildə ilk dəfə kəndlərinə səfər edib

XƏBƏRLƏR

Aprelin 7-də Ağdaban faciəsinin 30-cu ildönümü ilə əlaqədar Kəlbəcər rayonunun Ağdaban kəndinə səfər təşkil olunub və faciə qurbanları yad edilib.

Kənd sakinləri və media nümayəndələrinin iştirakı ilə təşkil olunan səfər 30 ildə ilk dəfə həyata keçirilib.

Əvvəlcə Ağdaban kənd qəbirstanlığı ziyarət olunub. Kənd sakinlərinin sözünə görə, qəbirstanlıqda faciə zamanı həlak olmuş həmkəndlilərinin üçü dəfn olunub. Eyni zamanda, Aşıq Şəmşir, oğlunun və qızının qəbiri də məhz burada yerləşir. Məzar ermənilər tərəfindən dağıdılıb və ətrafında qazıntı işləri aparılıb.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Regional idarəetmə və status şöbəsinin müdiri  Sənan Hüseynov səfərlə bağlı təəssüratlarını bölüşüb: “Ağdaban faciəsində 70-ə yaxın dinc sakin amansızcasına qətlə yetirilib, 3 nəfər yandırılıb. Və illər sonra Cənab Prezidentin və rəşadətli ordumuzun sayəsində bu gün burada faciə qurbanlarını yad edə bilirik”.

Kənd sakini Qərənfil Bağırova həmin günləri ağrı-acı ilə xatırlayır: "Elə bir faciə, elə bir gün idi ki, ana balasını atıb qaçardı. Hər şey bir andaca oldu. Bir göz qırpımında baş verdi. O müsibət hər gecə mənim yuxuma girirdi, kəndimiz yuxuma girirdi. Şükür bu günə ki, buradayıq. Öz faciəmizi öz kəndimizdə yad edirik”.

Daha sonra Ağdaban kəndi ərazisində yerləşən digər qəbirstanlıq ziyarət olunub. Burada isə sözügedən faciənin 14 qurbanının qəbri yerləşir. (APA)

Oxşar xəbərlər