Bədəlov Bədəl Bəxtiyar oğlu 1954-cü il dekabrın 2-də Qubadlı rayonunun Dondarlı kəndində anadan olmuşdu. 1972-ci ildə doğma kəndindəki orta məktəbi, 1977-ci ildə Sumqayıt Politexnik Texnikumunu bitirmişdi. 1974-1976-cı illərdə sovet ordusunda xidmət etmiş, əmək fəaliyyətinə 1977-ci ildə Sumqayıt şəhər Elektrik Avadanlığı zavodunda başlamışdı.
Ermənilərin torpaq iddiası Bədəli də narahat etməyə başlayır. Ona görə də o,1993-cü ildə Sumqayıt şəhər Hərbi Komissarlığına müraciət edərək, könüllü olaraq Milli Ordu sıralarına qəbul olmuşdur. Öz xahişi ilə onu doğma Qubadlı rayonuna göndərmişlər.
Bədəl Bədəlov Azərbaycanın Milli Qəhrəmanı Əliyar Əliyev adına taborun tərkibində hərbi xidmətə başlayaraq, rayonun Ermənistanla sərhəd kəndlərinin erməni hücumlarından qorunmasında fədakarlıq göstərmişdir.
Birinci Qarabağ müharibəsinin qəhrəman döyüşçü Zəngilan, Cəbrayıl, Füzuli və Ağdam torpaqları uğrunda gedən döyüşlərdə şücaətlər göstərmiş, erməni terrorçularının məhv edilməsində aktiv iştirak etmişdi. Son döyüşü Ağdamın Güllücə kəndində olmuşdu. 1994-cü ilin yanvarın 6-da həmin kənddə gedən qanlı döyüşdə cəsur döyüşçü igidlik nümunəsi göstərmiş, ağır yaralı olan bölük komandiri Sahibi güllə yağışı altından çıxararmağa cəhd edərkən ömrünün 40-cı ilində şəhidlik zirvəsinə ucalmışdır. Məzarı Sumqayıt şəhərindəki "Şəhidlər xiyabanı"ndadır.
Tahirə AĞAMİRZƏ