Azərbaycan televiziyasında bu günlərdə “Laçında bir payız günü” adlı reportaj yayımlanıb. Həmin reportajı müəyyən ixtisarla oxucularımıza təqdim edirik.
Laçın Azəbaycanın Şərqi Zəngəzur rayonlarından biridir. 1992-ci ilə qədər burada 2 mindən çox fərdi yaşayış evi olub. Laçının relyefinə uyğun olaraq evlər əsasən ikimərtəbəli tikilirdi. 30 il işğal dövründə Laçın şəhəri talanıb, dağıdılıb, ekoloji terrora məruz qalıb. İndi işğaldan azad edilən Laçın yenidən qurulur, burada bərpa-quruculuq işləri sürətlə həyata keçirilir. Plana əsasən 1980-ci ildə Laçın şəhəri necə görünürdüsə indi də o cür bərpa olunur.
Ermənilər Laçını tərk edərkən burada kommunikasiya sistemini də məhv ediblər. Buna görə də mütəxəssislər şəhərin su təchizatını müvəqqəti olaraq yerüstü sular hesabına həyata keçirirlər. “Azərsu”ASC-nin şöbə müdiri Anar Cəbrayıllı deyir ki, Laçının kifayət qədər su ehtiyatı var. Bura həm yerüstü, həm də yeraltı sular daxildir.
“Azərenerji” ASC-nin mətbuat mərkəzinin rəhbəri Teymur Abdullayev bildirir ki, Laçın şəhərini elektrik enerjisi ilə təmin etmək üçün burada iki yarımstansiya tikilir. Kəlbəcərdən Laçına 42 km məsafədə ikidövrəli olmaqla 110 kilovoltluq yüksəkgərginlikli ötürmə xətti çəkilir.
Laçın işğaldan azad edildikdən sonra onun ilk sakinləri hərbçilər və polislərdir. Azərbaycan polisi Laçında xidmətini uğurla davam etdirir.
Düşmən nə qədər cəhd etsə də, 30 ildə Laçını özününküləşdirə bilmədi. İndi Laçın yenə də öz əzəməti ilə doğma sakinlərini gözləyir.
Hazırladı: Mina RƏŞİD