Aprelin 7-də İsveçrənin “S.A.Partners” şirkətinin rəhbəri Tomas Kovarinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Memarlıq fakültəsinin professor-müəllim heyəti ilə görüşüb. Görüşdə isveçrəli memarlar Martin Zimmeri və Basil Spiess də iştirak edib.
Fakültənin dekanı, professor Zahidə Məmmədova qonaqları salamlayaraq onların səfərinin məqsədini açıqlayıb. Dekan məlumat verib ki, “S.A.Partners” şirkəti Qarabağda və Şərqi Zəngəzurda aparılan bərpa və yenidənqurma işlərinə cəlb olunan xarici şirkətlərdən biridir. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin dəvəti ilə ölkəmizə səfər edən isveçrəli memarlara Qubadlı, Kəlbəcər və Zəngilanın Baş planının hazırlanması tapşırılıb. “Universitetə gəlişlərinin səbəbi də bu işdə yerli, təcrübəli və peşəkar memarlardan məsləhət və dəstək almaqdır”.
Z.Məmmədovanın təqdimatından sonra hər 3 rayonun işğaldan sonra çəkilmiş yeni görüntülərindən ibarət qısa videoçarxlar nümayiş olunub. Görüşdə iştirak edən AzMİU-nun professorları - Memarlar İttifaqının sədri Elbay Qasımzadə, Sovet dönəmində Şuşanın Baş planının hazırlanmasında iştirak edən professor Nizami Nağıyev, professor Aybəniz Həsənova nümayiş olunan kadrlar üzərindən əcnəbi həmkarlarına vacib tövsiyələrini veriblər, Baş plan hazırlayarkən ərazinin yalnız iqlim və relyefini deyil, eyni zamanda spesifik yerli xüsusiyyətləri, əhalinin məşğuliyyəti, məişəti və digər məqamları nəzərə almağı məsləhət görüblər. Dizayn kafedrasının professoru Yeganə Hacıyeva həmkarlarına bu məsələdə çox həssas olmağı, 30 ildən sonra yenidən qurulacaq şəhər və kəndlərdə keçmişlə gələcəyin vəhdətini uğurlu şəkildə icra etməyi, Memarlıq konstruksiyaları və abidələrin bərpası kafedrasının müdiri Səbinə Hacıyeva adıçəkilən şəhərlərdə memarlıq abidələrinin olduğunu, həmin abidələrin bərpasında arxiv materiallarından istifadə olunmasını, ənənələrin qorunmasını təklif edib.
Tomas Kovari və tərəfdaşları görüşdə səsləndirilən təklifləri müsbət dəyərləndiriblər, iş prosesində bu məsləhətlərdən yararlanacaqlarını bildiriblər, belə bir şərait yaratdığı üçün Universitetin rəhbərliyinə təşəkkür ediblər.
Görüşün sonunda isveçrəli memarların hazırladıqları, hər 3 şəhərin Baş planını əks etdirən görüntülər nümayiş olunub. (Trend)