23.12.2024, 19:50
AZ EN
28.11.2022, 08:00 431

Həsən bəy Zərdabinin anım günüdür

XƏBƏRLƏR

Bu gün milli mətbuatımızın banisi, ictimai xadim, böyük insan Həsən bəy Zərdabinin anım günüdür. O, özünün yazdığı kimi, elmdən, maarifdən məhrum olan xalqın balalarını öz övladı kimi sevirdi. Millətinin işıqlı gələcəyi naminə onları oxutmaq üçün min bir əzab-əziyyətə, məhrumiyyətlərə dözdü və istədiyinə nail oldu. Məktəb, teatr açdı, milli mətbuatın əsasını qoydu, elmli-bilikli və ən əsası vətənpərvər gənclər yetişdirdi. Zərdabi bütün şüurlu həyatını Vətənin xoşbəxt gələcəyinə bağışladı. Belə ki, o, Moskva Dövlət Universitetini uğurla başa vurduqdan sonra orada qalıb rahat elmi işi ilə məşğul olmağa, çalışmağa hər cür imkanı varkən öz millətini düşündü. Düşündü ki, bu gün Azərbaycanın onun kimi ziyalılara hava, su qədər ehtiyacı var. Buna görə o, öz məhəbbətindən belə imtina elədi. Beləcə öz yolunu seçən Həsən bəy o zaman Qafqazdakı gimnaziyalarda çalışanlar arasında yeganə ali təhsilli azərbaycanlı müəllim olur. Ancaq bu məktəblərdə  azərbaycanlı şagirdlərin təhsil almaması Həsən bəyi narahat edir və onu çox düşündürürdü. Odur ki, doğma yurdunun elini-obasını dolaşıb elm, təhsillə bağlı təbliğata başlayır. Belə günlərin birində bir dəmirçi ondan soruşanda ki, pulum, varım yoxdur, uşağımı necə oxudum? Həsən bəy ona belə cavab verir: “Zindanını, çəkicini sat, amma balanı oxut”. Bu o deməkdi ki, bir millətin təhsil alması ən vacib məsələdir. Odur ki, o millətin balalarını oxutmaq üçün üçün müsəlmanlar arasında ilk dəfə olaraq Xeyriyyə Cəmiyyəti qurur. 1872-ci ilin yay aylarında o, şagirdləri Nəcəf bəy Vəzirov və Əsgərağa Adıgözəlov (Gorani) ilə birlikdə ölkəni qarış-qarış gəzərək, Xeyriyyə Cəmiyyətinə yardım toplayır və ona üzv yazdırmaqla məşğul olur. Zərdabi atla, araba ilə ən ucqar bölgələrə gedib çıxır, istidə, bürküdə xəstələnir, Şuşanın dağ havasında özünə gəlir və yoluna davam edir… O, bu unudulmaz səfərində “adlı-sanlı” bığıburma bəylərin əsl simasını görür. Çox az adam tapılır ki, millətin balalarının savadlanması üçün bu işə ürəkdən can yandırsın. Sonralar Həsən bəy bu cür bəylərin, qəlbi daş adamların necə yazıq olduqlarından yazır... Həm şagird, həm də, müəllim axtarışında olan Həsən bəy sonra Tiflisə yollanır. O, buradakı “Müqəddəs Nina” qız məktəbinin məzunu, balkar türklərindən olan Hənifə xanım Abayeva ilə tanış olur və onunla fikirlərini paylaşır. Onların həmfikir olması, bir-birini anlaması sonra gözəl bir ailənin təməlini qoyur.

Beləliklə, Həsən bəy və onun ailəsi yoxsul uşaqların təhsil alması üçün əlindən gələni edir. Zərdabinin qızı uzun illər internat məktəbində müəllim kimi çalışmış xeyirxah qəlbi ilə yadda qalan Qəribsoltan xanım xatirələrində yazır ki, bir dəfə uzaq rayondan onlara bir uşaq gəlir və oxumaq istədiyini deyir. Həmin uşaq düz 15 il Zərdabinin evində, onun himayəsində yaşayır və təhsil alır. Zərdabi hüquq təhsili alan o uşağa “Azərbaycanın Lomonosovu” deyirmiş. Ancaq o, azad fikirlərinə görə çox təqib olunur. Bəzən vəziyyət o həddə çatır ki, doğma Zərdaba qayıdır. Fəqət onu heç kim və heç bir əziyyət öz yolundan döndərə bilmir. Həsən bəy elə öz evində də, imkansız uşaqların təlim-tərbiyəsini təşkil edir. Bu işdə ona həyat və əqidə yoldaşı Hənifə xanım böyük dəstək olur. Belə ki, Hənifə xanım nəinki uşaqların, təhsilsiz qadınların da yardımçısı olub, onlara savad verməklə yanaşı, həm də müəyyən bacarıqlar öyrədir.

“Qadın bəşəriyyətə ana və ilk tərbiyəçidir ”, - deyən H.b.Zərdabi dostu, xeyriyyəçi kimi adı tariximizə yazılan H.Z.Tağıyevlə ilk qız məktəbini açır. Məktəbin nizamnaməsini hazırlayır. Hənifə xanım məktəbin müdiri olur. Onlar məktəbə qız uşaqlarını cəlb etmək üçün əl-ələ verib əsl fədakarlıq göstərirlər...

Mətbuatımızın ilk qaranquşu olan “Əkinçi”nin meydana gəlməsindən ötrü Zərdabi illərlə çar rejimi və mövhumatçı mollalarla çarpışır, amma öz məqsədindən, amalından bir addım da geri dönmür, əksinə: “Dama-dama daş deşilər. Bunlar bir zamanlar onlara dost olduğumu anlayarlar, məktəbin, teatrın mənfəətini başa düşərlər. Onlara qəzet də verə bilsək, müsəlmanların dünya görüşünü tamamilə dəyişdirə bilərik”, söyləyir. Qəzetin adının “Əkinçi” olması da, o vaxt çar məmurlarının gözünə bir pərdə çəkmək, onların fikrini əsl məqsəddən yayındarmaq olub. Ana dilimizə və mətbuatımıza ən böyük töhfə olan “Əkinçi” bir maarif çırağına dönür və millətin cəhalətdən, mövhumatdan və bu kimi xəstə təxəyyüldən oyanması, tərəqqi etməsi Həsən bəyin həyat amalına çevrilir. O,  söyləyir ki, “Həqiqət elm təhsil etməyi başlayan tayfa qaranlıq otağın qapısını açıb çölə çıxan kimidir ki, bu zaman günün işığı onun gözlərini nurlandırmaqdan başqa otağın da içinə daxil olub orada olan şeyləri artıq işıqlandırıb bir qeyri surətə salır”.

Həsən bəy millətin tərəqqisi naminə ədəbiyyatın, xüsusilə də, şeirin təsir gücünə ayrıca önəm verir. Amma bu şeir mənasız söz yığını deyil, milləti elmə, maarifə çağırmaq, qəlbini aydınlatmaq üçün yazılmalıydı. Bəli, H.B.Zərdabi elə bir dühadır ki, ondan danışınca gəlib bu günümüzə çaxırsan. Baxırsan ki, bu gün də, onun fikirləri yenə müasirliyi ilə bizi düşündürür...

Həsən bəy Zərdabi və Nəcəf bəy Vəzirovun təşəbbüsü ilə 1873-cü ilin mart və aprel aylarında Bakıda Mirzə Fətəli Axundzadənin komediyaları səhnələşdirilir. Bununla da, Azərbaycanda, eləcə də bütün müsəlman Şərqində peşəkar teatrın təməli qoyulur. 

Xoş o insanın halına ki, millətin dərdi ilə dərdlənib, sevinci ilə xoşhal olsun. Böyük ürək sahibi H.b.Zərdabi demiş: “Qiymət, öz işi üçün mükafat, tərif və s. axtarma. Xalq üçün çalış, o arxanca gedəcək və səni qiymətləndirəcək. Bunun üçün əvvəlcə onun inamını qazan”.

İşıqlı əməlləri ilə bu gün də haqq işimizdə, millətimizin tərəqqisində, xeyirxah əməllərimizdə, mübarizəmiz və qazandığımız Zəfərdə bizimlə yaşayan milyonların sevimlisi, idealımız böyük insan Həsən bəy Zərdabinin ruhu şad olsun!  

Mina RƏŞİD  

Oxşar xəbərlər