22.11.2024, 09:00
AZ EN
11.11.2022, 16:20 445

Xocalıya qovuşacağına inanır

XƏBƏRLƏR
  • Azərbaycanın müstəqillik dövrünün ilk illərində ən dəhşətli qətliam Xocalıda baş vermişdir. Bütün dünyanın gözü qarşısında baş verən faciə beynəlxalq aləmdə sükutla qarşılandı. Bu soyqırımdan uzun illər keçəndən sonra ordumuzun əks həmləsi nəticəsində cəmi 44 gündə torpaqlarımız işğaldan azad olundu.

Bu savaşda bütün Azərbaycan oğulları kimi qəlbində qubar bağlamış qisas hissi olan xocalı gəncləri də cəsurluqla döyüşdülər. Onlardan biri də 1990-cı il iyunun 2-də Xocalı rayonunun Kosalar kəndində anadan olmuş Nəcəfov Elvin Sahib oğludur. E.Nəcəfov bildirdi ki, torpaqlarımızın işğalından sonra Yevlax şəhərində məcburi köçkün kimi məskunlaşdıq. 1997-ci ildə Yevlax şəhər 2 saylı tam orta məktəbə daxil olub 2008-ci ildə məktəbi başa vurmuşam. 2008-ci ilin oktyabrında hərbi xidmətə çağırılıb və N saylı hərbi hissədə xidmət edib 2010-cu ilin aprelində tərxis olunub. Sonra Bakı şəhərində İçərişəhər tarixi abidələrin bərpası idarəsində fəhlə və usta kimi işləyib.

Xocalının, eləcə də bütünlüklə işğal altında olan torpaqlarımızın azadlığı uğrunda 2020-ci ilin sentyabrın 27-də başlanan əks hücum əməliyyatında iştirak etmək üçün könüllü olaraq döyüşlərə qatılan Elvin Tərtər, Ağdərə, Suqovuşan istiqamətində Şəhriyar Quliyev, Elnur Quliyev, Şamo Abdullayev və b. ilə birlikdə döyüş yolu keçib. Partlayış nəticəsində zədə alıb, hər iki qulağın eşitmə itiliyini itirib, indi 3-cü qrup müharibə əlilidir.

Elvin Nəcəfov onu da əlavə etdi ki, illərdir gözlədiyim o vətən sevgisi, içimdəki erməni faşistlərinə olan nifrətim və Ali Baş Komandanın Dəmir yumruğu gücümə güc verirdi.

Qazimizin igidliyinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə E.Nəcəfov «Suqovuşanın azad olunmasına görə», «Vətən müharibəsi iştirakçısı» medalları ilə təltif olunub. Elvin Nəcəfov onu da bildirdi ki, artıq torpaqlarımız işğaldan azad olunub. Arzum doğma Xocalıya qayıtmaqdır. Bunun üçün böyük işlər görülür. Uca Tanrıdan Ali Baş Komandanımız İlham Əliyevə Vətən və Xalq naminə daha böyük uğurlara çatmaqda yardımçı olmağı arzulayan E.Nəcəfov inanır ki, tezliklə doğma Xocalı ilə vüsala - ömrünün şən dövrünə qovuşacaqdır.

İsa MUSAYEV

Oxşar xəbərlər

SON XƏBƏRLƏR