Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov, Dövlət Agentliyinin İnsan resurslarının idarəedilməsi şöbəsinin müdir müavini Fərid Sadıxlı, Azərbaycan İnsan Resursları Assosiasiyasının rəhbəri Mahir Qarayev və “ASAN Könüllüləri” Təşkilatının sədri Emiliya Bayramova iştirak ediblər.
Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, dörd ay davam edən layihə müddətində iştirakçılar üçün peşəkar mütəxəssislər tərəfindən insan resurslarının idarəedilməsi, layihələrin idarəedilməsi, biznesin idarəedilməsi, innovasiya, hüquq, maliyyə, ictimaiyyətlə əlaqələr və sosial media marketinq modulları üzrə xüsusi proqram tədris olunub. İştirakçıların təcrübi biliklərə yiyələnməsi, proqramın real tətbiqi məqsədilə modullar çərçivəsində Azərbaycan Respublikasının Kosmik Agentliyinin əsas yerüstü Peyk İdarəetmə mərkəzinə, İctimai Televiziyaya ekskursiya və Zəngilan rayonuna səfər təşkil olunub. Tədris proqramının sonunda iştirakçıların əldə etdikləri biliklərin qiymətləndirilməsi məqsədilə imtahan mərhələsi həyata keçirilib. Həmçinin layihə çərçivəsində iştirakçılarla birgə səmimi səhər yeməyi təşkil olunub.
Layihənin əsas məqsədi müxtəlif ixtisaslar üzrə təhsil alan, fərdi inkişafa dəyər kimi baxan, böyük qayıdış prosesində iştirak edəcək qarabağlı gəncləri bir araya toplayaraq onları təcrübi biliklərə yiyələndirməkdir.
Layihədən fərqlənmə ilə məzun olan gənclər müxtəlif təcrübə proqramlarına göndəriləcəklər.
Qeyd edək ki, “ASAN Akademiya - Qarabağ” layihəsində 50 gənc iştirak edib.
Sonda gənclər diplomlar ilə təltif olunublar.
Bu günə qədər 6 dəfə “ASAN Akademiya” layihəsi gerçəkləşdirilib.