Bu gün şanlı Vətən Müharibəsinin qəhrəman şəhidi Ramil Elşən oğlu Quliyevin doğum günüdür. O, 18 fevral 1991-ci ildə Qubadlı rayonunda dünyaya göz açıb. Qubadlının işğalından sonra ailəsi məcburi köçkün düşüb. 1997-ci ildə Sumqayıt şəhər 14 saylı tam orta məktəbin birinci sinifinə daxil olub. Təhsilini 35 saylı tam orta məktəbdə davam etdirib. Tam orta təhsilini 2008-ci ildə başa vurub. 2011-ci ildə Kiyevdə “Personalın İdarəetməsinin Regionlararası Akademiyası”nın menecment fakültəsinə daxil olub. 2015-ci ilin iyul ayında həqiqi hərbi xidmətə yollanıb və baş atıcı kimi ixtisaslaşıb.
2016-cı ildə baş vermiş tarixi Aprel döyüşlərində iştirak edərək şücaətlər göstərib. Hərbi xidmətindən sonra bir neçə özəl şirkətdə çalışıb.
Döyüş yoldaşları deyirlər ki, Ramil Vətən Müharbəsində mərdliklə vuruşub. Hadrut uğrunda gedən döyüşlərdə verilən tapşırığı yerinə yetirərkən düşmənin snayper gülləsi ilə vurularaq qəhrəmancasına şəhadətə ucalıb. Şəhidimizin mübarək nəşi 12 gün neytral zonada qaldıqdan sonra oktyabrın 22-də Sumqayıtda Şəhidlər xiyabanında böyük izdiham və ehtiramla dəfn edilib.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak edən və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, ölümündən sonra Ramil Elşən oğlu Quliyev “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Vətən uğrunda” və “İgidliyə görə” medalları ilə təltif deilib.
Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, ruhun şad olsun, qəhrəman şəhidim!
Mina RƏŞİD