Bunu açıqlamasında BSU-nun Müqəddəs Kliment Orxidski adına Sofiya Universiteti nəzdində fəaliyyət göstərən Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin müdiri Sofiya Şiqayeva-Mitreska deyib.
O, Azərbaycan və bolqar xalqları arasındakı mədəni əlaqələrin köklərinin dərin və çoxşaxəli olduğunu xatırladıb. Bildirib ki, tarixi baxımdan Avropa ilə Asiyanın kəsişməsində yerləşən ölkələrimiz arasında mövcud olmuş ticarət və mədəni münasibətlər xalqlarımız arasında qarşılıqlı təsir və ünsiyyət üçün möhkəm zəmin yaradıb: “XX əsrdə bu əlaqələr daha da genişlənərək yeni məzmun kəsb edib. Ən yüksək səviyyədə keçirilən mədəniyyət günləri, sərgilər, musiqi festivalları, akademik əməkdaşlıq iki ölkə arasında humanitar münasibətlərin inkişafına xidmət edib və bu gün də etməkdədir. Son illər ərzində Bolqarıstan və Azərbaycan arasında qardaşlaşmış şəhərlərin sayı da artmaqdadır. Onların arasında Şəki ilə Qabrovo, Sumqayıt ilə Burqas, Gəncə ilə Varna şəhərlərinin tərəfdaşlığını qeyd etmək olar. Bu əməkdaşlıq formatı şəhərlərarası əlaqələrin inkişafına, mədəni və humanitar layihələrin həyata keçirilməsinə geniş imkanlar yaradır”.
Qeyd edək ki, fevralın 12-də “Azərbaycan Respublikası Hökuməti ilə Bolqarıstan Respublikası Hökuməti və Veliko Tırnovo Bələdiyyəsi arasında Bolqarıstan Respublikasının Veliko Tırnovo şəhərində “Şuşa" parkının salınması və yenidən qurulması üzrə əməkdaşlıq haqqında Saziş” imzalanıb.
“Şuşa” parkı layihəsinin iki ölkə arasında mədəni və diplomatik münasibətlərin daha da dərinləşməsinə töhfə verəcəyi bildirilib. Vurğulanıb ki, bu sənəd “Şuşa” parkının salınması və yenidən qurulması istiqamətində tərəflər arasında əməkdaşlığın və layihənin icrasının hüquqi əsasını müəyyən etməklə yanaşı, iki ölkə arasında mədəni-humanitar əlaqələrin inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.