16.02.2026, 11:46
AZ EN
16.02.2026, 09:48 149

Bu gün şəhid Təbriz Qasımovun doğum günüdür

XƏBƏRLƏR
  • Təbriz uşaqlıqdan vətənpərvər ruhda böyümüşdü. Həmişə deyərdi ki, polis olacam, Qarabağı alacam, vətənimizi qoruyacam. Anası danışır ki, Təbriz Vətən uğrunda canından keçməyə hazır idi. Elə buna görə də hərbçi oldu. Təbriz imanlı biri idi, Vətən, haqq uğrunda şəhadətə ucalmaq onun arzusu olmuşdu. O, Vətən Müharibəsinə könüllü yollandı. Anası ona, “Özündən muğayat ol” - deyirdi. O da anasından halallıq alaraq, ondan hər şeyə hazır olmağını istəyirdi. Deyirdi ki, indi Vətənin bizə ehtiyacı var...  

Bu gün şanlı Vətən Müharibəsinin qəhrəman şəhidi Təbriz Ramiz oğlu Qasımovun doğum günüdür. O, 16 fevral 1993-cü ildə Qəbələ rayonunun Yemişanlı kəndində anadan olub. 1999-2008-ci illərdə Şükran Eyvazov adına Yemişanlı kənd tam orta məktəbində təhsil alıb. Sonra Şəki Pedaqoji Kollecində İbtidai sinif müəllimi ixtisası üzrə təhsilini davam etdirib. 2011-ci ildə kolleci bitirib.
Qasımov Təbriz 2012-ci ildə Sumqayıtda “N” saylı hərbi hissəsədə Vətənə xidmət edib. O, 2013–cü ildə hərbi hissədən tərxis olunduqdan sonra həmin hərbi hissədə müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi fəaliyyətini davam etdirib. 2015-2018-ci illərdə Daxili qoşunlarda gizir rütbəsində xidmət edib.
Azərbaycan Ordusunun giziri olan Təbriz Qasımov, 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpası üçün başlanan Vətən müharibəsində könüllü iştirak edib. Xocavənd və Füzuli istiqamətində gedən döyüşlərdə şücaət göstərib. Təbriz Qasımov noyabrın 5-də Xocavənd döyüşləri zamanı qəhrəmancasına şəhid olub․

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Təbriz Qasımov ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.

Şəhidimiz ailəli idi, onun bir qızı Vətənə əmanət qalıb.

Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, ruhun şad olsun, qəhrəman şəhidim!

Mina RƏŞİD

Oxşar xəbərlər