2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsində döyüşlərə qatılan Taleh Əlizadə Füzuli istiqamətində gedən doyüşlər zamanı ayaq və baş nahiyəsindən yaralanıb və hərbi hospitala yerləşdirilib. Cəmi 8 günlük müalicədən sonra onu saxlamaq mümkün olmayıb. Taleh inadla oktyabrın 12-də yenidən döyüşlərə qatılıb.
İgid döyüşçü, gizir Taleh Əlizadə oktyabrın 18-də Cəbrayılda qanlı döyüşlərdə qəhrəmancasına şəhadətə ucalıb.
Şəhidimiz oktyabrın 20-də dünyaya göz açdığı doğma Alar kəndində böyük izdiham və ehtiramla torpağa tapşırılıb.
Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən Taleh Əlizadə ölümündən sonra "Vətən uğrunda", "İgidliyə görə", "Cəbrayılın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.
Şəhidimiz ailəli idi, onun Hüseyn adlı bir oğul övladı Vətənə yadigar qalıb.
Talehin anası deyir ki, Allaha şükür edirəm ki, oğlumun qanı batmadı, torpaqlarımız işğaldan azad olundu.
Bu gün qəhrəman şəhidimizin doğum günüdür.
Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, Vətən oğlu!
Mina RƏŞİD