"Vətənm səsi" xəbər verir ki, bu barədə Bahadur Məhəmməd oğlu Kamalovun yaxınları məlumat yayıb. Bildirilir ki, mülki sakin olan itkin şəhidin nəşi müvafiq qaydada ekspertizadan keçirildikdən sonra ailəsinə təhvil veriləcək. Mərhumun oğlu Oqtay Kamalov atasının nəşinin tapılması barədə məlumatı təsdiqləyib. O, bildirib ki, atasının nəşi ailəyə təhvil verildikdən sonra Kəlbəcərdə dəfn olunacaq.
Xatırladaq ki, Bahadur Kamalov 19 yanvar 1937-ci ildə Kəlbəcər rayonunda anadan olub. Rayon işğal olunan ərəfədə o, Zar kənd sovetinin sədri vəzifəsində çalışıb. 1993-cü il "Zəylik", "Ağduzdağ" və "Taxta düz" sərhəd zastavalarının mühasirədə qalmış şəxsi heyətinə qoşularaq rayonu tərk edib. Lakin aprelin 8-də onların izinə düşən Ermənistanın qoşun hissələri Murovun ətəklərində - Meydan çayı yaxınlığında pusqu quraraq qətliam törədib. Meydan çayı ərazisində bir neçə saat davam edən qeyri-bərabər döyüş zamanı ölümcül yaralananlardan biri də Bahadur kişi olub. Həm də həmkəndisi olan əsgərlər onu döyüş müydanından çıxara bilməyiblər. Otuz üç illik axtarışlardan sonra Bahadur Kamalovun nəşi elə həmin ərazidə - Murovdağı ətəyində aşkar edilərək götürülüb.
Elxan SALAHOV