23.01.2026, 21:04
AZ EN
19.01.2026, 15:28 276

20 Yanvarın kəlbəcərli şahidi: "Ayağa qalxmaq istəyəndə..."

XƏBƏRLƏR
  • O gecə Bakı daha narahat və izdihamlı idi. Küçələrdə həmişəkindən daha çox insan var idi. Şahlar işdən qayıdandan sonra bir qədər dincəlmək istəyirdi. Həmin gün gecə saat 12-də Salyan kazarmasının yaxınlığındakı dairədə sovet qoşunlarının şəhərə girməsinin qarşısını almaq üçün növbə çəkən iş yoldaşlarını əvəz etməli idi. O, işdən sonra Alatavada kirayədə yaşadığı mənzilə getsə də, özünü narahat hiss edib, növbəni dəyişmək vaxtından xeyli əvvəl yoldaşlarının yanına gəlib.

“Qış olsa da, hava o qədər də soyuq deyildi. Paltosuz-kurtkasız, başı açıq olanlar da var idi”, - deyə Şahlar 1990-cı il yanvarın 19-u gecəsini xatırlayır:”Təxminən saat 12-nin yarısında göyə fişəng buraxıldığını gördük. Bundan bir az sonra bir də təkrar olundu. Növbəni qəbul edib, yoldaşları əvəz etdik. Ətrafda tonqal qalanmışdı, hər şeydən xəbərsiz halda küçədə dayanmışdıq. Bir qədər sonra yenə də çoxlu fişənglərin atıldığını gördük. Salyan kazarması tərəfdən də fişənglər atıldı. Gecədən xeyli keçmiş bir tank gəlib, əliyalın adamların dayandığı dairənin yaxınlığından dövrə vurub qayıtdı. Gecənin yarısı fişənglərin camaata doğru atılmasına başlanıldı, bundan sonra yüzlərlə insanın dayandığı ərazini tərk edənlər olsa da, orada yenə də xeyli adam var idi. Bir az sonra ətrafda işıqlar söndü və camaatın dayandığı əraziyə partlayanda tüstü verən atəş açıldı. Salyan kazarmasından tanklar çıxmağa başladı. Qəflətən həm kazarmanın içindən, həm də haradansa camaatı atəşə tutdular. Bir də onda hiss etdim ki, yanımda dayananların hamısı yerə yıxıldı. Mən də yaxınlıqdakı çalaya yıxıldım. Təxminən on dəqiqə müxtəlif silahlardan camaatın üstünə atış açıldı. Sakitlik yaranan kimi ayağa qalxmaq istəyəndə gördüm ki, tanklardan düşüb gələn silahlı rus əsgərləri avtomatın qundağı ilə ətrafda qətlə yetirilənlərin bir neçəsinin canəzəsini o yan-bu yana çevirib baxdılar və sonra çıxıb getdilər. Çalaya düşdüyüm və güllələnmiş avtobusun arxasında olduğum üçün məni görmədilər. Ayağa qalxmaq istəsəm də, bacarmadım, əlimi ayağıma doğru uzadanda qan içində olduğumu gördüm. Ətrafda təkəm-seyrək addım səsləri eşidilirdi. Sağ qalanlar və yüngül yaralananlar hadisə yerindən uzaqlaşmağa başlayırdılar. Yaxınlıqdan keçənləri kömək etməyə çağırdım, onlar məni həmin ərazidə olan həyət evlərindən birinə gətirdilər. İçəri girəndə mənzilin yaralılarla dolu olduğunu gördüm. Yerli sakinlər mənzildə olan yorğanın, döşəyin üzünü cırıb onların yaralarını sarıyırdılar. Burada mənə də ilkin tibbi yardım göstərildi. Səhərə yaxın hava işıqlaşanda bizi ara yollarla taxtaların üstündə 1 nömrəli Kliniki Tibbi Mərkəzə çatdırdılar. Dilim-ağzım quruduğundan yolboyu tez-tez su istəyirdim”.

Şahlar Həsənov gənclik illərində qalan həmin dəhşətli hadisəyə dair söhbətinə belə davam edib: “Xəstəxana yaralılarla dolu olduğundan palatalarda boş yer yox idi. İki gün xəstəxananın dəhlizində qaldım. Yaram getdikcə daha çox incidirdi. Həkimlər gecəli-gündüzlü əməliyyat aparsalar da, yaralıların sayı azalmırdı. Yalnız yanvarın 23-də cərrah-travmotoloqlar Cavidan Bektaş və Vaqif Hüseynov məni əməliyyata götürdülər. Güllə topuğumdan dəyib dizimə qədər işləmişdi. Həkimlər ayaq sümüyümün zədələnmiş 7 santimetrlik hissəsini kəsib götürsələr də, amputasiya olunmaq istəmirdim. Xəstəxanada səkkiz ay müalicə olunsam da, yaram sağalmırdı. Tez-tez irinləyir, dava-dərman edəndən sonra bir müddət yaxşılaşır, sonra yenidən irin əmələ gəlirdi. Həkimlərin icazəsi ilə iki ay doğma Kəlbəcərə getdim, hərəkət etmək yalnız çəliyin köməyi ilə mümkün idi. Bir gün xəstəxanadan zəng edərək Kurqandan məşhur cərrah-ortoped Qavril İlizarovun tələbələrindən olan Əhməd Əhmədzadə adlı bir həkimin məni əməliyyata dəvət etdiyini xəbər verdilər. O, məni əməliyyat edib ayaq sümüyümü uzatsa da, üstündən uzun müddət keçməsinə baxmayaq, bitişmə alınmadı. 1991-ci ilin avqustunda məni əməliyyat üçün Türkiyəyə göndərdilər. İstanbulda əməliyyat olundum, bir ay xəstəxanada, iki ay Zeytunburnu sanatoriyasında müalicə olunandan sonra nəhayət ki, çəliksiz yerməyə başladım”.

Üstündən uzun illər keçsə də, Şahların aldığı yara hələ də tam sağalmayıb, üç-dörd ildən bir müalicələri davam etdirir. O, 1989-cu ildə Azərbaycan İnşaat Mühənədisləri İnstitutunun sənaye və mülki tikinti fakültəsini bitirəndən sonra təyinatla göndərildiyi Neft-Qaz Layihə İnstitutunda mühəndis-konstruktor işləyib. Məşum gecədə aldığı yara onun bütün arzularını ürəyində qoyub, Şahların həyatını dəyişib. Qəbul etdiyi dava-dərmanlar onun mədə-bağırsaq sistemində də kəskin dəyişikliyə səbəb olub, indi o həm də xroniki pankreatit xəstəsidir. “Azadlıq uğrunda mübariz” medalına layiq görülən ilk qəhrəmanlardan olan Şahlar ötən il əlilliyə görə təqaüdə çıxıb. Üçüncü dərəcəli əlildir. 20 Yanvar hadisələrində yaralandığına görə 2012-ci ildə "NAZ-Lifan" markalı avtobillə təmin olunub, Prezident təqüdü alır.

İki qız atası olan Şahlar baba olmaq arzusu ilə yaşayır. Böyük qızı Gülxar Azərbaycan Dövlət İqtisad Universitetini, kiçik qızı Şəhla Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını bitirib. Hər ikisi xoşbəxt ailə həyatı qurub. 25 yaşında tuş gəldiyi hadisə - sovet qoşunlarının heç bir xəbərdarlıq etmədən əliyalın sakinləri gülləboran etməsi onun qəlbində ən ağrılı və unudulmaz hadisə kimi silinməz iz qoyub. O, tez-tez Şəhidlər xiyabanına üz tutur, torpaqlarımızın azadlğı uğrunda mübarizəyə qalxan günahsız qurbanların əzizi xatirəsini yad edir.

20 Yanvar hadisələrinin şahidi deyir: “Mənə ən çox xoş gələn odur ki, 36 il keçməsinə baxmayaraq, xalqımız həmin gecənin qurbanlarını unutmur, hər il böyük hömət və ehtiramla onları ziyarət edir, xatirəsi həmişə əziz tutulur. Bir də ən çox ona sevinirəm ki, onların arzuları yerdə qalmadı. Bu gün Azərbaycan müstəqildir, ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa olunub, torpaqlarımız azaddır. Hesab edirəm ki, bundan böyük nemət ola bilməz”. (AZƏRTAC)

Oxşar xəbərlər