15.03.2026, 02:13
AZ EN
09.01.2026, 11:00 205

35 il əvvəl şəhid olan Salatın

XƏBƏRLƏR
  • Azərbaycanın Milli Qəhrəmanı Salatın Əsgərovanın şəhidlik zirvəsinə ucalmasının 35-ci ili tamam oldu. O, 1991-ci il yanvarın 8-də jurnalist fəaliyyətilə əlaqədar Qarabağa səfər edərkən Qaladərəsi kəndi yaxınlığında erməni silahlı dəstələri tərəfindən pusquya salınaraq qətlə yetirilmişdi. Həmin hadisə zamanı Salatın Əsgərova ilə birlikdə daha bir neçə hərbçi həlak olmuşdu.

Xatırladaq ki, Salatın Əsgərova 16 dekabr 1961-ci ildə Bakıda ziyalı ailəsində anadan olub. 1979-cu ildə paytaxtdakı Mikayıl Müşfiq adına 18 saylı orta məktəbi əla qiymətlərlə başa vurub. O, həmin il Azərbaycan Neft və Kimya İnstitutuna daxil olub.

1984-cü ildə geofizika ixtisası üzrə mühəndis diplomu alan Salatın Əsgərova jurnalistika sahəsinə böyük maraq göstərib. Nəticədə 1984-cü ildə müqavilə ilə "Bakı", dörd il sonra isə "Molodyoj Azerbaydjana" qəzetində işləməyə başlayıb. Onun araşdırdığı mövzular əsasən, Azərbaycan torpaqlarının bütövlüyü ilə bağlı idi. O, tez-tez cəbhə xəttinə gedər, qaynar nöqtələrdən operativ materiallar hazırlayardı. Ailəsi onun döyüş bölgəsinə getməsindən narahat olduğu üçün dəfələrlə bunun qarşısını almağa çalışsalar da heç nəyə nail ola bilməyiblər. Xanım jurnalistin  sonuncu məqaləsi Xocalıdakı xüsusi təyinatlı polis dəstəsinin fəaliyyətindən, çətin döyüş əməliyyatlarından bəhs edirdi. "Omonçular" adlı məqalə "Molodyoj Azerbaydjana" qəzetinin 1991-ci il 3 yanvar tarixli sayında dərc olunmuşdu. Yazıda təkcə azərbaycanlı döyüşçülərin igidliyindən bəhs olunmurdu, həm də imperiya nökərləri kəskin tənqid edilirdi.

1991-ci il yanvarın 9-da Laçından Şuşaya yollanarkən Qaladərəsi kəndi yaxınlığında erməni silahlı dəstələri tərəfindən qətlə yetirilən Salatın Əsgərova Azərbaycanın Birinci Qarabağ müharibəsində həlak olan ilk xanım jurnalistidir.

Röya SALMANQIZI

Oxşar xəbərlər