18.01.2026, 06:56
AZ EN
07.01.2026, 09:30 214

Balamla qürur duyuram...

XƏBƏRLƏR
  • Anası deyir ki, Hacırza çox mehriban uşaq olub. Ondan heç vaxt acı söz eşitməmişik, bir dəfə sözümüzdən çıxmayıb. Bir ana üçün övlad itkisi çox çətindi. Səsini eşitmirsən, üzünü görmürsən, ancaq şəkillərinə baxırsan. Amma bununla belə balamla fəxr edirəm. O bizim, bacılarının başını uca elədi.

Hacırzanın atası da oğlundan üzündə nur, gözyaşları ilə danışdı. Dedi ki, son günlərində mənimlə danışdı. Dedi, ata, darıxma, tezliklə gələcəm. Bütün şəhidlərimizin ruhu şad olsun, mən hər gün qazilərimizə dua edirəm. Sağ olsunlar ki, torpaqlarımızı bizə qaytardılar.  

Bu gün Şanlı Vətən Müharibəsinin qəhrəman şəhidi Rzayev Hacırza Fikrət oğlunun doğum günüdür. O, 7 yanvar 1992-ci ildə Bakı şəhərində anadan olub. 1999-2009-cu illərdə Nəsimi rayonu Fəxrəddin Nəcəfov adına 266 nömrəli tam orta məktəbdə təhsil alıb.
2010-2012 -ci illərdə Gədəbəydə "N" saylı hərbi hissədə qulluq edib. Vətən müharibəsi başlayandan könüllü olaraq müharibədə iştirak edib. Füzulidə, Cəbrayılda, Hadrutda gedən döyüşlərdə mərdliklə vuruşub.

Hacırza Rzayev 26 noyabr 2020-ci ildə Şuşada qəhrəmancasına şəhadətə ucalıb. 

Qəhrəman şəhidimiz ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən “Vətən uğrunda”, "Füzulinin azad olunmasına görə" və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif olunub.

Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, ruhun şad olsun, qəhrəman şəhidim!

Mina RƏŞİD

Oxşar xəbərlər