Telekanal IDEA-nın ekologiya, iqlim dəyişikliyi və biomüxtəlifliyin qorunması sahəsində fəaliyyəti haqqında reportaj hazırlayıb. L.Əliyeva müsahibəsində bildirib ki, Azərbaycan qoruq sahələrini genişləndirməkdə davam edir. Son illərdə iki yeni milli park açılıb, digərləri isə genişləndirilib. Gələn il Qarabağ Milli Parkının açılışını gözləyirik və bundan sonra Azərbaycanda qorunan ərazilərin sahəsi ölkə ərazisinin təxminən 30 faizini təşkil edəcək.
“Bu gün biz diqqətimizi yeni, aktual çağırışlara, xüsusən də Xəzər dənizindəki vəziyyətə – suyun səviyyəsinin aşağı düşməsinə, çirklənməyə və dəniz həyatı, o cümlədən Xəzər suitisi üçün artan təhlükəyə yönəldirik. Bu, heç bir ölkənin təkbaşına həll edə bilməyəcəyi böhrandır. Biz birlikdə hərəkət etməli və Xəzəri ortaq milli sərvətimiz kimi dəyərləndirməliyik”.
Leyla xanım müsahibəsində vurğulayıb ki, indiki məqamda ekologiya bizdən artıq böyük bir iş, fəaliyyət tələb edir. Biz bu barədə kifayət qədər danışmışıq və bu, əlbəttə ki, vacibdir, lakin təbiətin artıq sözə ehtiyacı yoxdur - onun bizim qayğımıza ehtiyacı var. Əsas odur ki, bu işdə birləşmək lazımdır. Onda isə möcüzələr yarada bilərik.
Süjetdə Azərbaycanda ətraf mühitin mühafizəsi tədbirləri biomüxtəlifliyin qorunmasından çox kənara çıxdığı vurğulanıb. Milli institutlar və şirkətlər, xüsusən də IDEA ətraf mühitin mühafizəsi sahəsində həm quruda, həm də dənizdə işləyirlər. Bu işlərin ən bariz nəticələrindən birini ölkə ərazisində milli parkların genişləndirilməsi və mühafizəsində görmək olar.
“Euronews”a açıqlama verən Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Mühafizəsi Xidmətinin rəis müavini Arzu Babayeva bildirib ki, dünyada biomüxtəlifliyin itirilməsi, iqlim dəyişikliyi, ekoloji təzyiq kimi bir çox ekoloji problemlər mövcuddur. İndi hərəkət etmək vaxtıdır. Gördüyümüz iş özümüz üçün deyil, dünya, təbiət və gələcək nəsillər üçündür.
O, ilk mühafizə zonasının 1910-cu ildə yaradıldığını, sonra isə belə ərazilərin şəbəkəsinin genişləndiyini qeyd edib: “Hazırda 12 milli parkımız, doqquz dövlət milli qoruğumuz və 24 dövlət təbiət qoruğumuz var. Bu ərazilərdə nəsli kəsilməkdə olan və nadir növlər, məsələn, imperator qartalı, dağ ceyranları, qonur ayılar, ağ quyruqlu qartallar və başqaları yaşayır”.
Sujetdə vurğulanıb ki, hökumət milli parkların yaradılması üzərində işləyərkən IDEA kimi yerli təşkilatların işi daha da təsir edicidir. Belə ki, təşkilat bizonların Azərbaycanın şimal bölgələrinə qaytarılmasına, həmçinin ölkənin ən mühüm sərvəti olan Xəzər dənizinin qorunmasına kömək edib.
Hazırladı: Mina RƏŞİD