Vətən Müharibəsi Qəhrəmanı şəhid Zalov Fəqan Amil oğlunun doğum günündə xatirəsi yad edilib. Şəhidin Füzuli rayonu Babı kənd qəbiristanlığında məzarı ziyarət olunub, ruhuna dualar oxunub.
Vətən müharibəsi zamanı qəhrəmanlıqla döyüşərək şəhid olan Zalov Fəqan Amil oğlunun anım mərasimində şəhidin ailəsi ilə bərabər, Füzuli Rayon İcra Hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsinin əməkdaşları, təhsil və mədəniyyət işçiləri, “Etika Akademiyası”nın Qarabağ üzrə nümayəndəsi, məktəb kollektivləri, döyüş yoldaşları, qazilər, veteranlar, kənd sakinləri iştirak ediblər. Əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Çıxış edənlər Fəqan Zalovun həyatından, Vətənə olan sevgisindən və döyüş yolundan söhbət açıb. Bildirilib ki, Fəqan əslən Füzuli rayon Aşağı Güzlək kəndindən olan və Sabirabad rayonu Qalağayın kəndində məskunlaşan Zalovlar ailəsində 1997-ci il aprelin 1-də dünyaya göz açıb. Hələ kiçik yaşlarından ata-baba yurdunun həsrəti ilə böyüyən Fəqan gələcəkdə hərbçi olmaq arzusu ilə yaşayıb. 2015-ci ildə həqiqi-hərbi xidmətə ruh yüksəkliyi ilə yollanan Fəqan 2016-cı il Aprel Zəfərinin iştirakçısı olub.
Fəqan döyüşlər zamanı yaralansa da, müalicəsi bitdikdən sonra yenidən xidmətə qayıdıb. O, müddətli xidmətini bitirdikdən doqquz ay sonra yenidən ordu sıralarına qayıdıb. Xüsusi kurs təlimindən keçən Fəqan Hərbi Dəniz Qüvvələrində xidmətini davam etdirib. Xəzəryanı dövlətlərin birgə təşəbbüsü ilə keçirilən “Beynəlxalq dəniz kuboku” yarışlarında iştirak edib. Onun xidmət etdiyi döyüş gəmisi Dəniz Kuboku yarışlarında dəfələrlə qalib gəlib. Fəqan “N” saylı hərbi hissənin nəzdində olan Xüsusi Təyinatlı Kəşfiyyat kursunu birincilik dərəcəsi ilə bitirdiyinə görə “kiçik miçman” rütbəsinə yüksəlib. Hərbi hissədə Su Altı Hücum (SAH) Xüsusi Təyinatlı Qüvvələrində xidmətini davam etdirən Fəqan kəşfiyyatçı olaraq “Dağçılıq”, “Paraşüt”, “Antiterror”, “Amfibiya” kurslarını bitirib. Xidmətini dövründə “Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)” yubiley medalı ilə təltif olunub.
2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi zamanı ilk döyüşə atılanlar sırasında yer alıb. Cəbrayıl rayonundan başlayan əks-hücum əməliyyatlarında düşmənin illər boyu qurduğu və möhkəmləndirdiyi mühəndis-istehkam və müdafiə zolaqlarının yarılmasında, strateji yüksəkliklərin ələ keçirilməsində fərqlənib. Fəqanında aralarında olduğu Xüsusi Təyinatlı Qüvvələr tərəfindən dörd gün ərzində Cəbrayıl şəhəri istiqamətində olan əlverişli mövqelər, strateji nöqtələr, o cümlədən Cəbrayıl şəhəri və rayonun 14 yaşayış kəndi işğaldan azad edilib. Oktyabrın 11-də Cəbrayıl rayonunun Soltanlı kəndi istiqamətində qəlpə yarası alan Fəqan hospitalda müalicə alıb, yenidən döyüş meydanına qayıdıb. Xocavənd istiqamətindəki yüksəkliklərin, eləcə də Qubadlının azad edilməsi uğrunda döyüşlərdə də fərqlənib. Onun son döyüşü Xocavənd istiqamətində olub. Noyabrın 9-da Xocavənddə “Qızılqaya” adlı ərazidə qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb.
Döyüşlərdə göstərdiyi şücaətə görə Fəqan Zalov ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülüb. Həmçinin “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunub. (AZƏRTAC)