Bu gün doğum günü olan qəhrəman şəhidimiz Həmid Abbasbəylinin ən böyük arzusu Xüsusi təyinatlı olmaq imiş. O, bu arzusunu gerçəkləşdirmək üçün bütün çətinliklərin öhdəsindən gəlib. Həmid 4 xarici dil bilirdi, özü də idmançı, yarışların qalibi idi. Vətən müharibəsi başlayandan döyüşlərə atılan baş leytenant ayağından ağır yaralansa da müalicədən imtina edib və tibbi yardımdan sonra cəbhəyə dönüb...
Bu gün Şanlı Vətən Müharibəsinin qəhrəman şəhidi Həmid Cavanşir oğlu Abbasbəylinin doğum günüdür. O, 17 noyabr 1991-ci ildə Binəqədi rayonunda anadan olub. 1998-2002-ci illərdə Binəqədi rayonu Famil İsgəndərov adına 157 nömrəli tam orta məktəbdə, 2002-2006-cı illərdə Şəki şəhər 18 saylı tam orta məktəbdə, 2006-2009-cu illərdə Cəmşid Naxçıvanski adına hərbi liseydə təhsil alıb. Həmid Abbasbəyli idmanın boks və qaydasız döyüş növləri ilə məşqul olub. O, bir çox yarışlarda iştirak edərək uğurlar qazanıb.
2009-cu ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olan Həmid 2013-cü ildə təhsilini uğurla başa vurub. Bundan sonra 2013-2014-cü illərdə təhsilini Azərbaycan Silahlı Qüvvələrinin Təlim Tədris Mərkəzində davam etdirib. 2016-2017-ci illərdə Türkiyə Respublikasında, 2017-2018-ci illərdə Çin Xalq Respublikasında xüsusi təlim kurslarında iştirak edib.
Ali təhsilini başa vurduqdan sonra Abbasbəyli Həmid cəbhə bölgəsində yerləşən Milli Qəhrəman Mübariz İbrahimovun adını daşıyan bölükdə tağım komandiri kimi hərbi xidmətə başlayıb. 2015-ci ildə Xüsusi Təyinatlı Qüvvələrin sırasına qoşularaq hərbi xidmətini davam etdirib.
2016-cı ilin 2-5 aprelində baş verən Aprel döyüşlərinin iştirakçısı olub.
Azərbaycan Ordusunun baş leytenantı Həmid Abbasbəyli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Xocavəndin, Hadrut qəsəbəsinin, Füzulinin və Laçının azadlığı uğrunda gedən döyüşlərdə mərdliklə savaşıb.
Həmid Abbasbəyli oktyabrın 19-dan 20-nə keçən gecə Laçın dəhlizinə nəzarət edən yüksəkliklər uğrunda gedən döyüşlərdə Xocavənd rayonunda Qırmızı Bazar qəsəbəsi ərazisində qəhrəmancasına şəhadətə ucalıb. Şəhidimiz II Şəhidlər Xiyabanında öyük izdiham və ehtiramla torpağa tapırılıb.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zamanı göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamına əsasən Həmid Abbasbəyli ölümündən sonra "Qarabağ" ordeni ilə təltif edilib. O, həmçinin “Vətən uğrunda”, Cəbrayılın, Xocavəndin və Füzulinin azad olunmasına görə medalları ilə təltif edilib.
Xətai rayonunda şəhidimizin yaşadığı ünvanda xatirə lövhəsi qoyulub, şəhid bulağı inşa edilib.
Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, ruhun şad olsun, qəhrəman şəhidim!
Mina RƏŞİD